Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində (AŞ Konqresi) təmsil olunan Azərbaycan nümayəndə heyəti yeni tərkibdə - daimi üzvlər Arzu Abdullayev, Bəxtiyar Məmmədov, Xumar Məmmədova, Bəhruz Abbasov, Fərid Cəfərov, Samirə Hüseynova, əvəzedici üzv Hümbət Hüseynov və nümayəndə heyətinin katibi Rövşən Məmmədov AŞ Konqresinin 50-ci Sessiyasında iştirak etmək üçün 31 mart - 2 aprel tarixlərində Fransa Respublikasının Strasburq şəhərində səfərdə olublar.
Sessiyasının açılış mərasimi bütün ölkələr üzrə nümayəndə heyətlərinin yeni üzvlərinin etimadnamələrinin qəbul edilməsi və AŞ Konqresinin yeni prezidentinin seçkisi ilə başlamışdır. Norveç Krallığını təmsil edən xanım Gunn Marit Helgesen Konqresin yeni prezidenti seçilmişdir. Sessiya zamanı həmçinin siyasi qrupların və palataların prezident və vitse prezidentlərinin, komitələrin sədr və sədr müavinlərinin seçkiləri də baş tutmuşdur. Sessiyanın ikinci günü Konqresin Komitələrinin iclasları keçirilmişdir. Monitorinq Komitəsinin üzvləri Arzu Abdullayev və Fərid Cəfərov; İdarəçilik Komitəsinin üzvləri Bəxtiyar Məmmədov, Bəhruz Abbasov və Hümbət Hüseynov; Sosial İnklüzivlik Komitəsinin üzvləri Xumar Məmmədova və Samirə Hüseynova müvafiq komitə iclaslarında iştirak etmişlər. Sessiyanın gündəliyində duran digər əsas məsələlər - Avropa Yerli Özünüidarəetmə Xartiyasının tətbiqinin Litva və Monako üzrə monitorinqi, Kosova, Estoniya, Şimali Makedoniya və San Marinoda yerli seçkilərin müşahidəsi ilə bağlı hesabatlar dinlənilmiş, həmin məsələlər üzrə qətnamə və tövsiyə layihələri səsə qoyularaq qəbul edilmişdir. Sessiyada həmçinin Avropa Şurasının Baş katibinin müavini Björn Bergenin, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Mattias Guyomarın və digər vəzifəli şəxslərin bəyanatları və bir sıra tematik mövzuların müzakirəsi üzrə məruzələr dinlənilmişdir.
Bununla da Sessiya işini yekunlaşdırmış və 03 aprel 2026-cı il tarixdə nümayəndə heyəti Bakıya qayıtmışdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları