ABMA-nın Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi (BOXM) tərəfindən 04 sentyabr 2025-ci il tarixdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) üzərində aparılmış son yeniliklərin təqdimatı məqsədilə Zoom platforması üzərindən ölkənin bir sıra bələdiyyə nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbirin məqsədi bələdiyyə strukturlarında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və məlumat axınının rəqəmsallaşdırılması istiqamətində görülən işləri paylaşmaq və BAMS sistemində tətbiq olunan yeni funksional imkanlarla bağlı bələdiyyə nümayəndələrinin maarifləndirilməsi olmuşdur.
Görüş zamanı borc və vergi hesabatlarının avtomatik uyğunlaşdırılması, vətəndaş müraciətlərinin rəqəmsal idarə mexanizmi və e-belediyye.az portalı haqqında, eləcə də digər yeniliklər barədə məlumat verilmişdir.
Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin nümayəndəsi tərəfindən yeni imkanlar sayəsində bələdiyyə fəaliyyətində şəffaflığın və səmərəliliyin daha da artacağı, bütün bələdiyyələrin sistemə aktiv inteqrasiyasının bu prosesin dayanıqlığına müsbət təsir edəcəyi diqqətə çatdırılmışdır.
Zoom görüşündə 200-dən artıq şəhər və rayon bələdiyyəsinin sədrləri və məsul əməkdaşları iştirak etmiş, onların sualları və təkliflərı dinlənilmişdir.
Keçirilən tədbirdə Qobustan, Şəki, Zərdab, Masallı rayonunun Masallı, Təklə Aşağı Astanlı, Tərtər rayonunun Qaradağlı, Xaçmaz rayonunun İstisu və digər bələdiyyələrin sədrləri tərəfindən BAMS-ın təkmilləşdirilməsi məqsədilə son yeniliklərin tətbiqi ilə bağlı müxtəlif məsələlər qaldırılmışdır. Həmin məsələlərin bir qisminə iclasın gedişatı zamanı operativ qaydada aydınlıq gətirilmiş, digər məsələlərin mahiyyətini dəqiqləşdirmək məqsədilə tədbirdən sonra yerli bələdiyyə orqanları ilə əlaqə saxlanılmış və həmin məsələlərin də həlli təmin edilmişdir.
Maarifləndirici görüşlər ölkənin bütün bələdiyyələrini əhatə edənədək davam etdiriləcəkdir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları