Azərbaycan nümayəndələri Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak ediblər
Türkiyənin İstanbul şəhərində 29 aprel 2026-cı il tarixdə keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclasında ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və qurumun məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
İclasda müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Şimali Kipr Türk Respublikası, Kosova, Livan, Suriya və Qırğızıstandan olan bələdiyyə sədrləri iştirak ediblər.
İclası TDBB və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay açaraq iştirakçıları salamlayıb. Tədbirin ev sahibi olan Bahçelievler bələdiyyəsinin sədri Hakan Bahadır qonaqlara iclasın işində uğurlar arzulayıb.
Daha sonra çıxış edən TDBB-nin baş katibi Taha Zahid Özdemir təşkilatın fəaliyyət coğrafiyasının genişləndiriləcəyini və yeni layihələrin həyata keçiriləcəyini qeyd edib. O, həmçinin Türkiyə, Bosniya və Herseqovina, Suriya və Pakistandan təşkilata qoşulmaq istəyən bələdiyyələrin siyahısını iclas iştirakçılarına təqdim edib.
TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxışında yeni üzv bələdiyyələri təbrik edib və onların digər üzvlərlə fəal əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb. O, türk dövlətlərinin yerli özünüidarəetmə orqanları arasında aparılan əməkdaşlığın regional səviyyədə də genişləndirilməsinin vacibliyini qeyd edib və digər ölkələrdən yeni üzvlərin cəlb olunmasını müsbət qiymətləndirib.
İclas çərçivəsində 28 yanvar – 29 aprel 2026-cı il tarixlərini əhatə edən dövrdə TDBB tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr, sosial və humanitar təşəbbüslər barədə məlumat təqdim olunub, gələcək fəaliyyət planları müzakirə edilib.
Sonda İdarə Heyətinin üzvləri Bahçelievler bələdiyyəsinin şəhərdə gördüyü işlərlə tanış olublar.