Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Milli Məclisin Regional məsələlər komitəsinin 09.02.2026-cı il tarixdə keçirilən növbəti iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunmuşdur.
İclasda Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) nümayəndələri də iştirak etmişlər.
Komitə sədri Siyavuş Novruzov iclasda çıxış edərək bildirib ki, ötən il yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə başlanılıb və bələdiyyələrin birləşdirilməsi idarəetmənin səmərəliyinin artırılmasına, onların institusional potensialının güclənməsinə və fəaliyyət imkanlarının genişlənməsinə xidmət etmişdir. O, qeyd edib ki, Ədliyyə Nazirliyinin 2025-ci il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı komitəyə təqdim olunmuş məruzəsində həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində görülən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunmuşdur.
Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Nazir müavini qeyd edib ki, il ərzində ədliyyə orqanlarının fəaliyyəti çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilmiş, institusional və rəqəmsal islahatlar, o cümlədən süni intellekt həllərinin tətbiqi nəticəsində xidmətlərin keyfiyyəti və idarəetmənin səmərəliliyi xeyli artırılmışdır. O, bildirilib ki, struktur islahatları nəticəsində bələdiyyələrin sayı azaldılmış və hal-hazırda ölkə üzrə 685 vahid təşkil edir. T Hüseynov hesabat ilində Bələdiyyələrin Milli Assosiasiyaları ilə birgə bələdiyyələrin maliyyə imkanlarının artırılması, yerli vergi və ödənişlərin düzgün hesablanması və yığılması, əhalinin məşğulluğunda bələdiyyələrin iştirakının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini və eyni zamanda, korrupsiyaya qarşı mübarizə və vətəndaşların məlumatlılığının artırılması üçün maarifləndirmə tədbirləri həyata keçirildiyini diqqətə çatdırmışdır.
Təqdimatdan sonra Milli Məclisin deputatları, komitə üzvləri çıxış edərək məruzə ətrafında aktiv muzakirələrə qoşulmuşlar.
Müzakirələrdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, bu gün hər bir bələdiyyə fəaliyyətində Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) dəstəyini hiss edir. Qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsində isə Milli Məclisin Regional məsələlər Komitəsinin danılmaz xidməti vardır. Assosiasiya sədrinin sözlərinə görə, 2025-ci ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə metodoloji dəstəyin gücləndirilməsi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin və regional idarələrin diqqət mərkəzində olmuşdur. Bu qurumların bələdiyyələrə olan münasibəti son iki il ərzində bir xeyli müsbət istiqamətdə dəyişmişdir. Lakin hər bir rayonda, o cümlədən Nərimanov rayonun sənədsiz əmlakların mövcudluğu nəticə etibarilə bələdiyyənin büdcə gəlirlərinin artımına neqativ təsir göstərməkdədir. Çıxışının sonunda T.Tağıyev ölkə bələdiyyələrinin fəaliyyətinə əlavə stimul ola biləcəyini nəzərə alaraq “Bələdiyyə günü”nün təsis edilməsini təklif etdi.
Müzakirələrdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları, o cümlədən Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə bələdiyyələr müasir dövrün tələblərinə uyğun olaraq inkişafa döğru addım atmaqdadırlar. O, vurğulayıb ki, bələdiyyələr BAMS proqramının, o cümlədən “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından istifadə etməklə büdcə gəlirlərini kifayət qədər artıra bilərlər və qarşılaşdıqları problemlərin müəyyən bir qisminin həllinə nail ola bilirlər. O, bələdiyyələrin bir-biri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını, və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsini təklif edərək, bu məqsədlə ətraf bələdiyyələri M.Ə.Rəsulzadə bələdiyyəsinə dəvət edib. O, həmçinin bələdiyyə sənədlərinin arxivləşdirilməsi məsələsinə ciddi nəzarət olunmasını təklif edib.
Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları