Azərbaycan nümayəndələri Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak ediblər

28 yanvar 2026-cı il tarixində Türkiyənin Qaziantep şəhərində keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclasında Azərbaycan nümayəndələri də iştirak ediblər. Tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.

 

İclasın açılışını TDBB-nin və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay edib. Sonra söz Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kürşad Zorluya verilmişdir. Kürşad Zorlu çıxışında Türk dövlətləri mərkəzi hökümətləri arasında aparılan əməkdaşlığın yerli özünüidarə arasında da aparılmasının önəmini dilə gətirmişdir. Ev sahibi olan Şahinbey bələdiyyəsinin sədri Mehmet Tahmazoğlu qonaqları salamlayaraq iclasın işində uğurlar arzu etmişdir. Daha sonra TDBB-nin baş katibi Fahri Solak çıxış edərək bələdiyyə sədrlərinin icazəsilə qurumda keçən 12 illik işinə son verdiyini və bundan sonra Türkiyə Respublikası Ali Təhsil Şurası sədrinin baş məsləhətçisi olaraq işinə davam edəcəyini bildirmişdir. Tədbirdə həmçinin Qaziantep böyükşəhər bələdiyyəsinin sədri Fatma Şahin, bir sıra deputatlar və Albaniya, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikası, Kosova, Livandan olan bələdiyyə sədrləri iştirak etmişdir. 

 

İclasda TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək qeyd etmişdir ki, yerli özünüidarəetmə orqanları cəmiyyətin gündəlik həyatına ən yaxın olan və vətəndaşların ehtiyaclarını ən tez ödəyən orqanlardır və buna görə də yerli səviyyədə qurulan güclü əməkdaşlıqlar bölgələrimizin inkişafının təməlini təşkil etməkdədir. Sədr həmçinin bələdiyyələr arasında yerli əməkdaşlıqdan əlavə, beynəlxalq əməkdaşlığın da vacibliyini vurğulamış və qonşu bölgələrlə məlumat və təcrübə mübadiləsinin yalnız yerli özünüidarə orqanlarının potensialını gücləndirmədiyinə deyil, həm də bölgələr arasında qarşılıqlı etimad və sabitliyin artırılmasına xidmət edir.

 

İclasda həmçinin 2 oktyabr 2025–28 yanvar 2026-cı il tarixlərini əhatə edən dövrdə TDBB tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr, sosial və humanitar təşəbbüslər, eləcə də gələcəkdə planlaşdırılan fəaliyyətlər barədə məlumatlar təqdim olunub. Sonda TDBB İdarə Heyətinin üzvləri Şahinbey bələdiyyəsinin şəhərdə həyata keçirdiyi işlərlə yerində tanış olublar.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Useful Links