Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
Noyabrın 14-də Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Respublikanın bütün şəhər bələdiyyələrinin təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı inkişafını təmin etdiyi kimi, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına zəmin yaratmış, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artmışdır. Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, habelə Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər əlaqədar qurumlarla birgə bələdiyyələrin daha səmərəli fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilmiş, bu sahədə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilmiş, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilmiş, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilmiş, həyata keçirilmiş inteqrasiya və vergi-uçot sistemində aparılan optimallaşdırılma işləri nəticəsində şəhər bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 30 faizədək artmışdır.
Bələdiyyələr aztəminatlı ailələrin, qocaların, əlillərin və valideyin himayəsindən mərhum uşaqların, eləcə də müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirmiş, yerli əhəmiyyətli problemlərin həlli istiqamətində əməli addımlar atmışdır.
Hesabat dövründə yerli özünüidarəetmənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həlli sahəsində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktlarına əsasən bələdiyyələrin birləşdirilməsi həyata keçirilmişdir. Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşmışdır ki, bunlardan da 74-ü şəhər bələdiyyələridir.
Qeyd edilmişdir ki, ötən dövrdə Milli Assosiasiya beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir.
Ümumi Yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilmiş, bələdiyyələrin fəaliyyətinin müasir çağırışlar və ölkəmizin yeni strateji inkişaf mərhələsinin tələbələri ilə uzlaşdırılması məqsədilə onların maliyyə, kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyətinin təşkili, Milli Assosiasiyalara verilən tövsiyələr, Sistemin Əsasnaməsinin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi və sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi dövlətimizin Milli Assosiasiyalara göstərdiyi yüksək etimadın və diqqətin göstəricisi kimi qiymətləndirilmişdir.
Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak etmişlər.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları