• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının yaranması zəruriyyəti

Vüsal PAŞAYEV 

AKBMA-nın icraçı katibi

               Azərbaycanda ilk dəfə olaraq 1999-cu ilin dekabr ayının 12-də bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərdə 20 min nəfərdən çox üzvü özündə birləşdirən 2700-ə yaxın bələdiyyə formalaşıb. Seçki öncəsi Ulu Öndər xalqa müraciətində demişdir: “Bələdiyyələr Azərbaycanda demokratiyanın inkişafında yeni bir mərhələdir”. Beləliklə ölkənin demokratik dəyərlərini özündə əks etdirən yerli özünüidarəetmə institutunun yaradılması ilə bələdiyyələrin cəmiyyətdə inkişaf dövrü başlayıb. Həmin vaxtdan etibarən bələdiyyələr səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etməyə, insanların yerli problemlərini aradan qaldırmağa çalışıblar. İlk illərə nəzər saldıqda görürük ki, Azərbaycan cəmiyyəti üçün tamamilə yeni idarəetmə forması olan bələdiyyələr müsbət işləri ilə yanaşı bir sıra çətinliklərlə qarşılaşıb. Mövcud qanunvericiliyin imkanları daxilində az qala hər kiçik kənddə belə yaradılan bələdiyyələr öz maliyyə imkanlarını vergi və ödənişlərin toplanması ilə yox, torpaqların satışı ilə artırmağa çalışıblar. Bu isə yeni yaradılan qurum haqqında cəmiyyətdə mənfi rəyin formalaşmasına gətirib çıxarmışdır. Eyni zamanda ilk addımlarını atan Azərbaycan bələdiyyələri qarşılaşdıqları problemləri, yaxud qabaqcıl təcrübəni pərakəndə şəkildə səsləndirməklə ölkədə gedən inkişafla uzlaşmırdılar. Həmçinin müstəqil Azərbaycanın dünyaya inteqrasiyası, demokratik dəyərlərin inkişaf etdirilməsi baxımından bir sıra addımların atılması zəruri idi. Məhz bütün bunlar problemlərin mərkəzləşdirilmiş qaydada toplanması, təhlili, səmərələşdirici təkliflərin verilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onlara yardım etmək və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə vahid bələdiyyə ittifaqlarının – Milli Assosiasiyaların yaranması zəruriyyətini ortaya qoydu. 

Beləliklə 2006-cı ilin noyabr, dekabr aylarında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları təsis edildi. Milli Assosiasiyalar bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onların möhkəmlənməsi və inkişafına nail olmaq, sosial, iqtisadi və ekoloji problemlərin həllində bələdiyyələrin rolunun artırılması məqsədilə bir sıra tədbirlər hazırlayaraq həyata keçirib. Həmçinin Bələdiyyələrin Ümumrespublika Toplantılarının təşkili, “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünün irəli sürülməsi, ölkə bələdiyyələrinin qabaqcıl təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” konfransının, “Yerli Demokratiya Həftələri”-nin keçirilməsi və s. tədbirlər buna misaldır. Milli Assosiasiyalar Prezident Administrasiyası, Milli Məclis, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla əməkdaşlıq edərək bələdiyyələrlə bağlı təkliflər verir, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarda ölkə bələdiyyələrini təmsil edir. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) vasitəsilə bələdiyyələrdə vergi-uçot sisteminin təşkili ilə bağlı texniki metodiki xidmətlərin göstərilməsini və Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi vasitəsilə bələdiyyələrə yerli vergi və ödənişlərin elektron informasiya vasitələri ilə yığılmasını təşkil edir. Beləliklə, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları son vaxtlar öz fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə və işlərini modern şəkildə qurmağa çalışırlar.

Faydalı Linklər