• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

BƏLƏDİYYƏLƏRDƏ ŞƏFFAFLIQ NECƏ TƏMİN EDİLİR?

Şəmistan  YUSİFOV

AKBMA-nın sədr müavini, Samux rayonu Sərkar bələdiyyəsinin sədri

Dünya təcrübəsi göstərir ki, yerli özünüidarəetmənin səmərəli işləməsi bələdiyyələrin nə qədər şəffaf fəaliyyətindən və hesabatlı olmasından asılıdır. Ölkəmizdə bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq normaları bir sıra qanunvericilik aktlarında əksini tapıb. “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən bələdiyyələr öz fəaliyyətlərini açıqlıq prinsipi əsasında göstərməlidir. Qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvləri 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidir. Ötən dövr üzrə aparılan təhlillər göstərir ki, bələdiyyələr və üzvləri yerli əhali qarşısında öz fəaliyyətləri haqqında hesabat verir, bələdiyyə iclaslarında qəbul edilən qərarlar və bələdiyyə tədbirləri barədə sakinləri məlumatlandırırlar. Bundan başqa bələdiyyələrin əksəriyyəti facebook səhifələrində gəlir və xərcləri, eyni zamanda gördükləri işlər və həyata keçirdikləri sosial-iqtisadi tədbirlər haqqında məlumatlar dərc edirlər. 

Milli Assosiasiyaların tövsiyyəsi ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Avropada Yerli Demokratiya Həftəsi" təşəbbüsünə qoşulan ölkə bələdiyyələri 2007-ci ildən başlayaraq hər ilin oktyabr ayında “Yerli Demokratiya həftəsi” keçirir. Həftə ərzində bələdiyyə üzvləri məhəllələrdə eləcə də əhalinin sıx toplaşdığı yerlərdə görüş və iclaslar keçirib əhaliyə bir daha gəlir və xərclər, gördükləri işlər haqqında məlumatlar verirlər. Eyni zamanda həftə ərzində bələdiyyə binalarının yaxınlığında poçt qutuları asılır. Bu isə sakinlərə imkan verir ki, onları düşündürən problemlərə dair təkliflər bələdiyyələrə rahat şəkildə çatdırılsın. Bu əlçatanlıq isə bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsində vətəndaş iştirakı üçün imkan yaradır. Bundan başqa bələdiyyələr öz fəaliyyətlərində şəffaflığı və hesabatlılığı təmin etmək üçün hər il yerli büdcənin tərtibi və təsdiqi haqqında əhalini məlumatlandırırlar. Növbəti ilin əvvəlində isə bələdiyyənin geniş yığıncağı keçirilərək illik hesabatlar verilir. Əlbəttə ki, hər il bələdiyyələr müstəqil auditor dəvət edərək bələdiyyənin maliyyə-uçot fəaliyyətlərini yoxlatdırır. Nəticəsi barədə məlumatları əhaliyə çatdırmaqla fəaliyyətlərində şəffaflığı təmin etmiş olurlar. 

Faydalı Linklər