Ölkəmizdə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyən edilmişdir. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş və seçkilərin nəticələrinə əsasən, ölkəmizdə ümumilikdə 2700-dən çox bələdiyyə yaradılmışdır.
Sonrakı dövrdə bu sahədə beynəlxalq təcrübə öyrənilmiş və bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, onların iqtisadi və maliyyə potensialının gücləndirilməsi yollarından birinin bələdiyyələrin birləşdirilməsi olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, malik olduqları iqtisadi resurslardan səmərəli və düzgün istifadə edilməsinə, yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına və kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
“Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 1717-yə endirilmiş, 2014-cü ildə isə növbəti birləşmə prosesi nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azaldılmışdır. Daha sonra, 2024-cü ildə bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı bir daha azaldılaraq 685 vahidə çatdırılmışdır.
Bələdiyyə seçkiləri:
Ümumilikdə Azərbaycan Respublikasında 6 dəfə bələdiyyə seçkiləri keçirilmişdir.
| № | Seçki ili, ayı, günü | Formalaşdırılan bələdiyyələrin sayı | Seçilmiş üzvlərin sayı |
|---|---|---|---|
| 1 | 12.12.1999 | 2667 | 20454 |
| 2 | 17.12.2004 | 2731 | 20346 |
| 3 | 23.12.2009 | 1717 | 15591 |
| 4 | 23.12.2014 | 1607 | 14963 |
| 5 | 23.12.2019 | 1606 | 15075 |
| 6 | 29.01.2025 | 685 | 8039 |
Bələdiyyələrin birləşməsi:
| № | Birləşmə ili | Birləşmədən əvvəl bələdiyyələrin sayı | Azalma vahidi | Birləşmədən sonra bələdiyyələrin sayı |
|---|---|---|---|---|
| 1 | 2009 | 2735 | 1018 (37,2%) | 1717 |
| 2 | 2014 | 1717 | 111 (6,5%) | 1606 |
| 3 | 2024 | 1606 | 921 (57,3%) | 685 |
Bələdiyyələrin sonuncu (2024-cü il) birləşməsi barədə:
- birləşmə prosesinədək ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin sayı: - 1606
o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə: - 170 - birləşən bələdiyyələrin sayı: - 1400
o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə: - 169 - birləşmə nəticəsində fəaliyyət göstərəcək bələdiyyələrin sayı: - 685
o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə: - 44 - birləşmə nəticəsində ləğv edilmiş bələdiyyələrin sayı: - 921 (57,3%)
o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə: - 126 (74,1%)
Bələdiyyələrə sonuncu (29.01.2025) seçkilərindən sonra:
| № | Əhalinin sayı | Kvotaya əsasən üzvlərin sayı | Bələdiyyələrin sayı | Seçilmiş üzvlərin sayı |
|---|---|---|---|---|
| Cəmi | 685 | 8039* | ||
| 1 | 1.000-dən 4.999-dək | 9 | 65 | 585 |
| 2 | 5.000-dən 9.999-dək | 11 | 398 | 4378 |
| 3 | 10.000-dən 19.999-dək | 13 | 148 | 1924 |
| 4 | 20.000-dən 49.999-dək | 15 | 48 | 720 |
| 5 | 50.000-dən 99.999-dək | 17 | 15 | 255 |
| 6 | 100.000-dən 299.999-dək | 19 | 11 | 209 |
Qeyd: *Səsvermənin nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin sayı-3,
bələdiyyə üzvlərinin sayı – 32
Hal-hazırda respublikada fəaliyyət göstərən bələdiyyələrin sayı və təsnifatı:
| Ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin ümumu sayı o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə | 685 44 |
|---|---|
| Şəhər bələdiyyələri o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə | 74 6 |
| Qəsəbə bələdiyyələri o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə | 98 3 |
| Kənd bələdiyyələri o cümlədən: Naxçıvan Muxtar Respublikası üzrə | 513 35 |
Ölkə bələdiyyələrinin fəaliyyətinin milli qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərilməsi və respublikamızda yerli özünüidarənin inkişafına nail olmaq məqsədi ilə 2006-cı ildə bələdiyyələr özlərinin könüllü ittifaqları olan Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrin Milli Assosiasiyalarını yaratmışlar.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA), Azərbaycan Respublikasının 74 şəhər bələdiyyəsini özündə birləşdirir.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası (AQBMA), Azərbaycan Respublikasının 98 qəsəbə bələdiyyəsini özündə birləşdirir.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası (AKBMA), Azərbaycan Respublikasının 513 kənd bələdiyyəsini özündə birləşdirir.
Azərbaycan Bələdiyyələrin Milli Assosiasiyaları (ABMA):
- 30 noyabr 2006-cı ildə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
- 15 dekabr 2006-cı ildə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
- 27 dekabr 2006-cı ildə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
Assosiasiyaların nizamnamələri 31 yanvar 2007-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Milli Assosiasiyalar bələdiyyələrə xarici ölkələrdə fəaliyyət göstərən müvafiq yerli özünüidarəetmə orqanları ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə töhfə verməyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmağı qarşılarında duran prioritet vəzifələrdən biri hesab edirlər. Bu baxımdan, Milli Assosiasiyalar Avropa Şurası və Avropa İttifaqına üzv dövlətlərin, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Türk Dünyası Bələdiyyələr Birliyinə daxil olan 28 dövlətin bir sıra bələdiyyə orqanları, habelə onların yaratdıqları milli ittifaq və birliklərlə əməkdaşlıq əlaqələri qurmuş, yerli özünüidarəetmə sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə respublika bələdiyyələrinin nümayəndələrindən ibarət heyətlərin qarşılıqlı səfərlərini təşkil etmişdir. Qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizin bələdiyyələri ilə xarici ölkələrin bir sıra bələdiyyələri arasında qardaşlaşma protokolları imzalanmışdır.
Milli Assosiasiyalar uzun müddətdir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə Azərbaycan nümayəndə heyəti səviyyəsində səmərəli əməkdaşlıq edirlər. Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildən Avropa Şurasının üzvüdür. Azərbaycan “Yerli özünüidarə haqqında” Avropa Xartiyasını 21 dekabr 2001-ci ildə imzalamış və 15 aprel 2002-ci ildə qanunvericilik qaydasında ratifikasiya etmişdir. Xartiya Azərbaycan üçün 1 avqust 2002-ci ildə qüvvəyə minmişdir. Konqresdə Azərbaycanı 6 daimi üzv, 6 əvəzedici üzv və 1 katibdən ibarət nümayəndə heyəti təmsil edir. Milli nümayəndə heyətinin katibliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər ABMA tərəfindən həyata keçirilir (daha ətraflı məlumat ABMA-nın abma.gov.az internet saytının “Beynəlxalq əməkdaşlıq” bölməsində təqdim olunur).
Ümumilikdə, ötən müddət ərzində Milli Assosiasiyalar ölkənin ictimai həyatında və vətəndaş cəmiyyəti quruculuğunda uğurla həyata keçirilən proseslərin fəal iştirakçılarına çevrilmişlər. ABMA öz fəaliyyətini ölkənin dövlət və hökumət orqanları ilə birgə, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurmuşdur. 2007-ci ildən başlayaraq, bələdiyyələrin fəaliyyəti ilə bağlı yeni qanunların qəbulu və mövcud qanunlara dəyişikliklərin edilməsi proseslərində Milli Assosiasiyaların sədrləri və icraçı katibləri Milli Məclisdə ölkə bələdiyyələrinin təmsilçiliyini həyata keçirir, bələdiyyələrdən daxil olan təklif və tövsiyələri ümumiləşdirərək parlament nümayəndələrinin diqqətinə çatdırırlar.
Milli Assosiasiyalar yerli özünüidarəetmənin institusional inkişafına, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli əhəmiyyətli sosial məsələlərin həllinin sürətləndirilməsinə xüsusi önəm verərək, bu sahədə əhatəli proqramlar hazırlamış, bələdiyyələrin qabaqcıl təcrübəsini öyrənmiş, yerli özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatları arasında əlaqələr qurmuşlar.
2008-ci ildən etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə uyğun olaraq, ölkənin bütün bələdiyyələrində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” tədbirləri keçirilir. Həftələrin keçirilməsində əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, imkanlarının, eləcə də həmrəyliyinin artırılmasıdır.
Milli Assosiasiyaların fəaliyyətinin başlıca istiqamətlərindən biri bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, bələdiyyələrdə vergi uçotu sisteminin düzgün qurulması, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkilinə köməklik göstərilməsidir. Bu məqsədlə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, ödəyicilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədilə Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyalar tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmış və respublikanın bütün bələdiyyələrində uğurla tətbiq edilmişdir. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsində fəaliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılmasına imkan yaratmışdır. Proqram, ümumilikdə, bələdiyyələrin fəaliyyəti ilə bağlı zəruri statistik məlumatların operativ əldə edilməsinə, təhlil və ümumiləşdirmələrin aparılmasına, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinə imkan yaradır.
Azərbaycan Respublikasının ərazisində yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada elektron ödəniş sistemi (Hökumət Ödəniş Portalı – HÖP) vasitəsilə ödənilməsini təşkil etmək, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə xidmət göstərmək məqsədilə 6 aprel 2021-ci il tarixində Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi proqramının bazasında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC təsis edilmişdir.
Son üç ildə ABMA-nın fəaliyyəti barədə qısa məlumat
Son illərdə (2023–2025-ci illər) bələdiyyələrin fəaliyyətinin koordinasiyası və əlaqələndirilməsi, onlara metodiki və hüquqi yardımın, habelə BAMS proqramının tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi, ümumilikdə, onların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Prezident Administrasiyasının müvafiq struktur bölməsinin dəstəyi ilə Bələdiyyələrin Milli Assosiasiyaları tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.
Ölkə bələdiyyələrinin daha səmərəli formada əlaqələndirilməsi məqsədilə, ilk növbədə, Milli Assosiasiyalarda ciddi struktur islahatları aparılmış, idarəetmə optimallaşdırılmışdır. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının İdarə Heyətlərinin birgə iclasının qərarı əsasında icra katibliklərinin birgə fəaliyyətinin koordinasiyası, bu fəaliyyətə ümumi rəhbərlik, o cümlədən layihələrlə iş, beynəlxalq əməkdaşlıq, analitik təhlil, informasiya təminatı, kargüzarlığın aparılması, insan resursları, kommunikasiya və maliyyə-təsərrüfat sahələrində icra katibliklərinin qarşılıqlı əməkdaşlığının təmin edilməsi, habelə onların dövlət hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla əlaqələndirmə işlərinin təşkili məqsədilə Milli Assosiasiyaların əlaqələndirici koordinatoru vəzifəsi təsis edilmişdir.
Assosiasiyaların strukturlarında eynilik təşkil edən və təkrarlanan struktur bölmələri ləğv edilmiş, əvəzində bələdiyyələrin fəaliyyətinin daha çevik və səmərəli formada əlaqələndirilməsi və onlara müvafiq köməkliyin göstərilməsi məqsədilə müasir tələblərə uyğun struktur bölmələri yaradılmışdır. Yaradılmış struktur bölmələri peşəkar mütəxəssislərlə təmin olunmuş, nəticədə ölkə bələdiyyələri ilə koordinasiya işinin bütün istiqamətlər üzrə, paralelliyə və təkrarçılığa yol vermədən, daha səmərəli formada həyata keçirilməsi təmin edilmişdir. Eyni zamanda, ABMA əməkdaşlarının sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, onlar müvafiq şəraitə malik xidməti otaqlar, müasir informasiya-kommunikasiya texnologiyaları, kompüterlər və digər texnoloji avadanlıqlarla təchiz edilmişlər.
Aparılmış təşkilati-idarəetmə və kadr islahatlarından sonra Assosiasiyalarda aşağıdakı müsbət nəticələr əldə edilmişdir:
- ümumilikdə, Milli Assosiasiyaların icra katibliklərinin işinin daha səmərəli və təkmil təşkilinə nail olunmuşdur;
- ölkə bələdiyyələrinin qarşılaşdığı problemlərin həlli ilə bağlı qanunvericilik, mərkəzi və yerli icra hakimiyyəti orqanları səviyyəsində vahid təmsilçilik missiyası gücləndirilmiş, Milli Assosiasiyaların və bələdiyyələrin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradılmışdır;
- bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və onlara metodiki dəstək göstərilməsi üzrə kuratorların fəaliyyəti gücləndirilmişdir;
- ABMA-nın rəsmi internet saytı (abma.gov.az), habelə sosial şəbəkə səhifələri (Facebook, Instagram, Telegram) yaradılaraq istifadəyə verilmişdir. Saytda bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş dəyişikliklər, ölkədə yerli özünüidarəetmə sahəsindəki yeniliklər, habelə ABMA-nın fəaliyyət planları və hesabatları, bələdiyyələrin fəaliyyətinin koordinasiyası ilə bağlı Assosiasiyalar tərəfindən təşkil edilən tədbirlər barədə mütəmadi olaraq məlumatlar yerləşdirilir;
- məlumatların operativ qaydada alınmasının və göndərilməsinin təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bütün bələdiyyələr üçün dövlət tərəfindən informasiya təhlükəsizliyi təmin edilən “gov.az” domeni əsasında vahid elektron poçt ünvanlarının yaradılması işi yekunlaşdırılmışdır;
- hesabat dövründə Assosiasiyalar bir sıra dövlət və beynəlxalq qurumlarla, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər həyata keçirmiş, qarşılıqlı əməkdaşlığa dair memorandum və protokollar imzalamışlar.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi ilə 2023-cü ilin əvvəlindən etibarən real nəticələrə hesablanmış sistemli tədbirlər həyata keçirmişdir. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin yenidən qurulması, informasiya sistemlərinin inteqrasiyası, bələdiyyə fəaliyyətinin rəqəmsallaşdırılması, habelə bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı kompleks məsələlərin həlli Bələdiyyələrin vahid informasiya sisteminin (BVİS) yaradılmasını zəruri etmişdir.
Bu məqsədlə Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanunu ilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa 10-2-ci maddə əlavə edilmiş və BVİS-in yaradılmasının hüquqi əsası müəyyən edilmişdir. Həmin maddəyə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, habelə vahid və aktual informasiya bazasının yaradılması məqsədilə dövlət informasiya sistemi statusunda BVİS yaradılmışdır.
Qeyd olunan Qanunun tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2025-ci il tarixli Fərmanı ilə BVİS-in formalaşdırılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyən edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən, məlumatların dairəsinin iki ay müddətində müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
Həmin Fərmanın 4-cü bəndinə əsasən, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarına qanunvericiliyin tələblərinə uyğun olaraq BVİS haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlər görülməsi, eyni zamanda, BVİS-ə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmələri tövsiyə olunmuşdur.
ABMA-ya tövsiyə olunmuş hər iki məsələ vaxtında öz həllini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2026-cı il tarixli 76 nömrəli Qərarı ilə “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilmişdir.
Həmçinin “Bələdiyyələrin vahid informasiya sistemi” haqqında Əsasnamə hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilmişdir.
Əsasnaməyə uyğun olaraq, BVİS-in sahibi funksiyalarını ABMA həyata keçirir. Bu məqsədlə ABMA tərəfindən “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (BRİM QSC) təsis edilmişdir. ABMA BVİS-in operatoru funksiyalarını, habelə sistemin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquq və vəzifələrini BRİM QSC-yə həvalə etmişdir.
BRİM BVİS-in operatoru qismində çıxış edərək sistemin fəaliyyətinin təmin edilməsi, informasiya ehtiyatlarının formalaşdırılması, aparılması və inkişaf etdirilməsi, onlardan istifadənin təşkili, BVİS-in digər qurumların informasiya sistemlərinə və informasiya ehtiyatlarına inteqrasiyası, habelə informasiya təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi ilə bağlı müvafiq funksiyaları həyata keçirir.
BVİS vasitəsilə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə yerli büdcələrin gəlirlərinin mərkəzləşdirilmiş və vahid qaydada toplanması və bələdiyyələrin hesablarına köçürülməsi, daxilolma mənbələri üzrə yerli büdcələrin gəlir və xərclərinin uçotunun aparılması, bu sahədə şəffaflığın və çevikliyin artırılması, vergi güzəştləri və azadolmalarının hədəfli tətbiqi təmin edilir.
BVİS-in tətbiqinin əsas məqsədləri bələdiyyələrin fəaliyyətinin optimallaşdırılması, yerli büdcələrin gəlir və xərclərinin uçotunun səmərəliliyinin artırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə şəffaflığın və çevikliyin artırılması, habelə yerli özünüidarəetmədə müasir rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsidir.
Həmçinin BVİS bələdiyyələrin fəaliyyətinə dair məlumatların vahid informasiya məkanında sistemləşdirilməsinə, məlumat mübadiləsinin çevikliyinin təmin edilməsinə, yerli maliyyənin idarə edilməsinin təkmilləşdirilməsinə və bələdiyyə idarəçiliyində rəqəmsal transformasiyanın həyata keçirilməsinə xidmət edən dövlət informasiya sistemi kimi mühüm əhəmiyyət daşıyır.
Beləliklə, son üç il ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi ilə ABMA tərəfindən həyata keçirilmiş sistemli və kompleks tədbirlər nəticəsində bələdiyyələrin fəaliyyətində mühüm təkmilləşdirmələr aparılmış, yerli büdcə daxilolmaları əhəmiyyətli dərəcədə artmışdır.
| Ölkə bələdiyyələrinin illik büdcə gəlirləri barədə MƏLUMAT milyon manatla | ||||||||||||
| Gəlirlərin təsnifatı | 2023 | 2024 | 2025 | 2026, I rüb | ||||||||
| Gəlirlər | Əvvəlki ilə nisbətdə fərq | Gəlirlər | Əvvəlki ilə nisbətdə fərq | Gəlirlər | Əvvəlki ilə nisbətdə fərq | Gəlirlər | Əvvəlki ilə nisbətdə fərq | |||||
| Məbləğ | % | Məbləğ | % | Məbləğ | % | Məbləğ | % | |||||
| CƏMİ: O cümlədən | 54,5 | 7.1 | 15,1 | 62,4 | 7.9 | 14,4 | 65,6 | 3,2 | 5,2 | 15,3 | - 1,0 | - 6,1 |
| Vergilər üzrə | 22,6 | 2.2 | 10,5 | 27,2 | 4,6 | 20,2 | 34,4 | 7.2 | 26,5 | 9,9 | 3,2 | 48,6 |
| Digər gəlirlər üzrə | 31,9 | 5,0 | 18,5 | 35,1 | 3.3 | 10,3 | 31,2 | - 4,0 | - 11,3 | 5,3 | - 4,2 | - 44,2 |
| Vergilərin ümumi gəlirlərdə xüsusi çəkisi, % | 42 % | 44 % | 52 % | 65 % | ||||||||
Cədvəldən də göründüyü kimi, ölkə bələdiyyələrinin illik büdcə gəlirləri 2023-cü ildə 54,5 milyon manat, 2024-cü ildə 62,4 milyon manat, 2025-ci ildə isə 65,5 milyon manat təşkil etmişdir. Son üç ilin nəticələrinə görə, 2022-ci illə (47,4 milyon manat) müqayisədə ölkə üzrə yerli büdcə gəlirləri 18,1 milyon manat və ya 37,3 faiz artmışdır.
Qeyd olunanlarla yanaşı, BVİS yerli özünüidarəetmə sahəsində vahid və aktual informasiya bazasının formalaşdırılmasına, məlumatların sistemləşdirilməsinə və əlçatanlığının təmin edilməsinə, bələdiyyələrin fəaliyyətinin analitik təhlilinin aparılmasına, onların iqtisadi potensialının qiymətləndirilməsinə, habelə müvafiq proqnoz və hesabatların hazırlanmasına imkan yaradır.
ABMA tərəfindən, həmçinin, vətəndaş-bələdiyyə münasibətlərində yeni mərhələyə keçidi təmin etmək məqsədilə “Elektron bələdiyyə” portalı 2025-ci ilin mart ayından istifadəyə verilmişdir. Vətəndaşlar portal vasitəsilə borcları, uçota alınmış vergi obyektləri və vergilərin hesablanması qaydası barədə məlumat əldə edir, ödənişlərini həyata keçirə və bələdiyyələrə müraciət edə bilirlər.
BAMS-da borclar barədə mərkəzləşdirilmiş qaydada SMS vasitəsilə məlumatlandırma, ödənişlərin həyata keçirilməsi üçün QR-kod, uçotun dürüstləşdirilməsi, vergi potensialının hesablanması, debitor borcların uçotu və müxtəlif hesabat modulları yaradılmışdır. Artıq hər bir bələdiyyə inzibati ərazisində yerləşən çıxarışlı vergitutma obyektləri barədə ətraflı məlumat əldə edə bilir. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının bələdiyyələrinin də BAMS-a qoşulması təmin edilmişdir. Ölkə başçısının göstərişinə uyğun olaraq, BAMS bazalarının “MyGov” portalına inteqrasiyasına başlanılmış və bu prosesin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
Yekun olaraq qeyd edilməlidir ki, İKT-nin tətbiqi ilə bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması və elektronlaşdırılması istiqamətində ABMA tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi ilə birgə həyata keçirilən məqsədyönlü tədbirlər ölkə bələdiyyələrinin fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsinə, həmçinin korrupsiya risklərinin azaldılmasına yönəlmişdir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələrin fəaliyyətinin dövlət başçısının müəyyən etdiyi müasir çağırışlara və ölkənin inkişaf tempinə uyğunlaşdırılması istiqamətində kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə bağlı səylərini daha da artırmaqdadır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları