Beynəlxalq əməkdaşlıq

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi 

Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının 46 üzv dövlətindəki yerli və regional demokratiyanın vəziyyətinin qiymətləndirilməsindən məsul olan yeganə Avropa təsisatıdır. Onun əsas rolu yerli və regional demokratiyadakı irəliləyişləri gücləndirmək və onları monitorinq etməkdən ibarətdir. Bu kontekstdə o, 1985-ci ildə qəbul edilmiş və məcburi hüquqi qüvvəyə malik ilk sənəd olan Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının üzv dövlətlər tərəfindən tətbiqinin monitorinqini aparır. Xartiya yerli və regional hakimiyyətlərin hüquqlarını qoruyan ən mühüm müqaviləyə çevrilmişdir. Bu hüquqlara özünüidarəetmə hüququ, yerli qurumlarını seçmə hüququ, öz hakimiyyətlərini tətbiq etmə hüququ, inzibati strukturlara və maliyyə qaynaqlarına sahib olma hüququ və hökumətin digər strukturlarının müdaxiləsi halında məhkəməyə müraciət hüququ daxildir.

Konqres iki palatadan ibarətdir: Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatası. Onun Avropa Şurasının 46 üzv dövlətində 130 000-dən çox yerli və regional hakimiyyəti təmsil edən 306 nümayəndəsi və 306 əvəzedicisi var, hamısı beş il müddətinə təyin edilir. Konqresin işi üç komitədən ibarətdir: Monitorinq Komitəsi, İdarəçilik Komitəsi və Cari Məsələlər Komitəsi. Əlavə olaraq, Konqresdə siyasi qruplar mövcuddur və bu qruplar hər bir nümayəndə heyətində siyasi, coğrafi və gender balansı baxımından ədalətli təmsilçiliyi təmin edir. Konqresin Nizamnaməsi hər bir nümayəndə heyəti üçün az təmsil olunan cins üçün minimum 30% nümayəndəlik təyin edir. Konqresdə dörd siyasi qrup, eləcə də heç bir siyasi qrupa bağlı olmayan Konqres üzvləri var: SOC/G/PD – Sosialistlər, Yaşıllar və Proqressiv Demokratlar Qrupu; EPP/CCE – Avropa Xalq Partiyası Qrupu; ILDG – Müstəqil və Liberal Demokratik Qrupu; ECR – Avropa Mühafizəkarları və İslahatçılar Qrupu

Konqres Avropa Şurasına üzv olan 46 dövlətin yerli və regional hakimiyyət orqanlarının nümayəndələrindən ibarət milli nümayəndə heyətlərindən formalaşır, onlar ya birbaşa seçilən və ya birbaşa seçilmiş məclis qarşısında siyasi hesabatlıdırlar. Hər bir üzv dövlətin nümayəndə heyətinin üzvlüyü ərazilərin balanslaşdırılmış coğrafi bölgüsünü, müxtəlif növ yerli və regional hakimiyyət orqanlarının və siyasi qüvvələrin bərabər şəkildə təmsil olunmasını, qadın və kişilərin ədalətli təmsilçiliyini təmin edir. Hər bir üzv dövlət Avropa Şurası Parlament Assambleyasında olduğu kimi Konqresdə də eyni sayda yer hüququna malikdir. Nümayəndə heyətləri daimi üzvlərdən başqa, əvəzedicilərdən də ibarətdir.

Konqres ildə iki dəfə Strasburqda keçirilən plenar iclaslar üçün toplanır. Plenar iclaslar zamanı hər bir Palata üzrə iclaslar keçirilir. İki ildən bir Konqres öz nümayəndələri və ya tam üzvlər arasından Prezident təyin edir.

Azərbaycan 25 yanvar 2001-ci ildə Avropa Şurasının üzvü olmuşdur. O Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasını 21 dekabr 2001-ci ildə imzalamış və 15 aprel 2002-ci ildə ratifikasiya etmişdir. Xartiya Azərbaycanda 1 avqust 2002-ci ildən etibarən qüvvəyə minmişdir. Azərbaycan Nümayəndə heyəti 6 daimi üzv, 6 əvəzedici üzv və 1 katibdən ibarətdir. Milli nümayəndə heyətinin katibliyi Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən həyata keçirilir. 

 

Azərbaycan nümayəndə heyətinin daimi üzvləri

Anar İbrahimov Regional Palata Monitorinq Komitəsi EPP/CCE YAP Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Konqresdə Azərbaycan Milli nümayəndə heyətinin rəhbəri
Təmraz Tağıyev Yerli Palata Monitorinq Komitəsi EPP/CCE YAP Nərimanov bələdiyyəsinin sədri, Konqresdə Azərbaycan Milli nümayəndə heyətinin rəhbərinin müavini
Hümbət Hüseynov Yerli Palata İdarəçilik Komitəsi EPP/CCE YAP Rəsulzadə bələdiyyəsinin sədri
Aidə Cəlilzadə Regional Palata Cari Məsələlər Komitəsi ECR YAP Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Rauf Əliyev Regional Palata İdarəçilik Komitəsi EPP/CCE YAP Kəngərli bələdiyyəsinin üzvü
Samirə Hüseynova Yerli Palata Cari Məsələlər Komitəsi SOC/G/PD Bitərəf Nərimanov bələdiyyəsinin üzvü

Azərbaycan nümayəndə heyətinin əvəzedici üzvləri

Əli Mehdiyev Yerli Palata Cari Məsələlər Komitəsi ECR YAP Novxanı bələdiyyəsinin sədr müavini
Nazim Bababəyli Regional Palata Monitorinq Komitəsi ILDG Bitərəf Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Hüseyn Bağırsoylu Regional Palata İdarəçilik Komitəsi ECR YAP Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Gülnaz Salamova Yerli Palata Monitorinq Komitəsi SOC/G/PD Bitərəf Şəki bələdiyyəsinin üzvü
Yeganə Məmmədova Regional Palata Cari Məsələlər Komitəsi ECR YAP Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
İnci Cəfərquliyeva Yerli Palata İdarəçilik Komitəsi SOC/G/PD Bitərəf Mərdəkan bələdiyyəsinin üzvü

Azərbaycan nümayəndə heyətinin katibi

Rövşən Məmmədov +994 50 479 76 66 rovshan.mammadov@abma.gov.az

 

Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlərin Konfransı (CORLEAP)

CORLEAP Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin yerli və regional hakimiyyət orqanlarının siyasi forumudur və 2011-ci ildə Avropa Regionlar Komitəsi tərəfindən yaradılmışdır. CORLEAP, Şərq Tərəfdaşlığının inkişafına şəhər və regionların töhfələrini müzakirə etmək imkanı verən yeganə Avropa İttifaqı platformasıdır. İttifaqa daxil olan üzvlər: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova Respublikası və Ukrayna.

CORLEAP-ın məqsədləri:

  • Şərq Tərəfdaşlığı çərçivəsində yerli və regional hakimiyyət orqanlarının təmsilçiliyini əlaqələndirmək
  • Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində Avropa İttifaqı institutlarının və digər iştirakçı maraqlı tərəflərin səylərini tamamlamaq və dəstəkləmək
  • Tərəfdaş ölkələri Avropa İttifaqına yaxınlaşdıracaq və yerli və regional səviyyədə daxili islahat və bacarıqların artırılmasına kömək edəcək konsepsiyaları yaymaq
  • Yerli demokratiya və fiskal desentralizasiya prinsiplərinin təşviqi
  • Tərəfdaş ölkələrdən olan yerli və regional hakimiyyətlər ilə digər Aİ institutları və orqanları arasında əlaqələri təşviq etmək
  • Yerli özünüidarə vəzifələrini yerinə yetirərkən e-hökumət alətlərindən istifadə də daxil olmaqla, yerli və regional hakimiyyətlərin səlahiyyətlərinin artırılması və yerli demokratiyanın möhkəmləndirilməsi və bu yol ilə bütün səviyyələrdə yaxşı idarəetməyə nail olmaq;

CORLEAP 33 regional və yerli siyasətçidən ibarətdir: Avropa Regionlar Komitəsindən 18 üzv və beş Şərq tərəfdaş ölkəsindən 15 üzv. Hər bir Şərq tərəfdaş ölkəsinin üç üzvü var. Azərbaycandan olan üzvlər: Anar İbrahimov (Büro üzvü), Təmraz Tağıyev və Gülnaz Salamova. İllik CORLEAP görüşləri arasında Büro rəhbər orqan kimi çıxış edir. Büro CORLEAP-ın işini əlaqələndirmək, onun fəaliyyətinə, hesabatlarına və qərarlarına nəzarət etmək üçün məsuliyyət daşıyır. Büro, Şərq tərəfdaşlığı ölkələrindən olan 5 üzvdən və Avropa İttifaqını təmsil edən Avropa Regionlar Komitəsindən olan 6 üzvdən ibarətdir. Qurumun həmsədrliyini Avropa Regionlar Komitəsinin Prezidenti və hər il CORLEAP üzvləri tərəfindən seçilən tərəfdaş ölkələrin nümayəndəsi həyata keçirir. Avropa İttifaqını hazırda Apostolos Tzitzikostas, tərəfdaş ölkələri isə Tbilisi Şəhər Məclisinin sədr müavini (Gürcüstan) Zurab Abashidze təmsil edir.

 

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB)

Türk dili və ləhcələrini danışan ölkələrin dövlət başçıları 2000-ci ildə Azərbaycan sammitində ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş qərarların 10-cu maddəsində “Yerli idarəetmə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi” qərarını qəbul etmişlər. Türk Dünyası Bələdiyyələr Birliyi Türkiyə Nazirlər Kabinetinin 12 noyabr 2003-cü il tarixli qərarı ilə türk dili və ləhcələrinin danışıldığı ölkələrdə, bölgələrdə və buralarla coğrafi, tarixi və mədəni ortaqlıqları mövcud olan yerlərdə şəhər və şəhər idarəçiliyi ilə bağlı araşdırmalar aparmaq məqsədi ilə yaradılmışdır. TDBB 30 müxtəlif ölkədən 1200-ə yaxın bələdiyyə üzvü olmaqla Balkanlardan Qafqaza və Orta Asiya ölkələrinə qədər uzanan coğrafi məkanda dost və qardaş ölkələrdə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün müxtəlif proqram və layihələr həyata keçirir. Birliyin qərargahı İstanbuldadır

TDBB-nin fəaliyyət sahələri əsasən şəhər və şəhər idarəetməsi, bələdiyyə xidmətləri, sosial və mədəni xidmətlər, təhsil xidmətləri, beynəlxalq münasibətlərin inkişafı və digər məsələri əhatə edir. Türk Dünyası arasında mövcud olan ortaq mədəni və sivilizasiya irsini nəzərə alaraq, qardaşlıq, həmrəylik və əməkdaşlıq yanaşması ilə bilik, ədəb və qarşılıqlı təcrübələrdən faydalanmaq üçün TDBB-nin məqsədləri:

  • Tarixi və mədəni irsin qorunması
  • Xüsusilə iqtisadi, texniki, sosial və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək
  • Şəhər və şəhər idarələrinin problemlərini və həll yollarını müəyyən etmək, ümumi həll yollarını axtarmaq və həyata keçirmək
  • Şəhər idarəçiliyi və şəhər mədəniyyəti ilə bağlı yeni modelləri araşdırmaq, araşdırmalara dəstək vermək və inkişaf etdirmək

TDBB-nin sədri Uğur İbrahim Altaydır və o həmçinin Konya Böyükşəhər Bələdiyyəsinin sədridir. TDBB İdarə Heyətində 11 ölkə təmsil olunur. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev TDBB-nin İdarə Heyətinin üzvüdür. 

Faydalı Linklər