Avropa Şurası Konqresinin Baş katibi ABMA-da görüş keçirib

Azərbaycan Respublikasında keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Mathieu Morinin başçılıq etdiyi dörd nəfərdən ibarət heyət 18.05.2026-cı il tarixdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını (ABMA) ziyarət edib və rəhbər şəxslərlə görüşüb. Daha sonra o, AŞ Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev və Azərbaycan nümayəndə heyətinin digər beş daimi üzvü və katibi ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. 

Açılış nitqini söyləyən Arzu Abdullayev qonaqları salamlayıb və ölkəmizdə yerli və regional səviyyədə aparılan islahatların və quruculuq işlərinin bir hissəsini diqqətə çatdırıb. O, çıxışında Avropa Yerli Özünüidarəetmə Xartiyasının müddəalarının və Avropa Şurası Konqresi tərəfindən ölkəmizdə keçirilən ən son monitorinqin tövsiyə qətnaməsində qeyd olunan müddəaların yerinə yetirilməsi ilə bağlı ətraflı məlumat verib. 

Çıxış edən Baş katib Azərbaycan və Avropa Şurası arasında aparılan iki tərəfli münasibətlərin önəmini qeyd edib və bu müstəvidə Konqresin rolunun son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Cənab Mori AŞ Konqresinin Monitorinq Komitəsinin 2021-ci ildə Azərbaycanda keçirdiyi monitorinq missiyasına toxunub, yerli və regional səviyyədə görülmüş islahatları yüksək qiymətləndirib. 

 “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”nin direktoru Adil Əhmədov çıxışında ABMA və dövlət strukturları arasında aparılan inteqrasiyanı, bələdiyyələrin rəqəmsallaşmasını, iqtisadi güclərinin artırılması məqsədilə birləşdirilməsini, “e-belediyye” portalının vətəndaşların rahatlığı üçün yaradılmasını qonaqların diqqətinə çatdırıb. 

Baş katib ABMA-nın yerli özünüidarə məsələlərinin həlli istiqamətində bələdiyyələrə göstərilən dəstəyin artırılmasını, görülən işlərdə aparıcı rol oynamağa başlamasını və yeni əməkdaşlıqlara maraqlı olmasını məmnunluqla ifadə edib. O, həmçinin AŞ Konqresi tərəfindən  yerli və regional orqanlara şəffaflığın, hesabatlılığın, vətəndaş iştirakının və demokratik idarəetmənin keyfiyyətinin artırılmasına dəstək göstərilməsi üçün yaradılmış “Yaxşı İdarəetmə üzrə Ekspertiza Mərkəzinin” (CEGG) 25 fərqli sahə üzrə ABMA ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Tədbirin sonunda qonaqlara milli atributları əks etdirən hədiyyə təqdim olunub. 

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Useful Links