ABMA-nın nümayəndəsi Milli Mətbuat Günü ilə bağlı olan tədbirdə iştirak edib
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiasiyalarının (ABMA) nümayəndəsinin iştirak etdiyi, Reklam və marketinq sahəsinin inkişafına dəstək (RMİD) İctimai Birliyinin təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü ilə bağlı tədbir təşkil edilib. Uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlərin qatıldığı tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib. Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır. "Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə xalqımıza faydalı olmağı arzulayıblar. Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.