“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” çərçivəsində bələdiyyələr üçün təlimlər keçirilib
Avropa İttifaqının “Azərbaycanda Merlər Razılaşması üzrə Şərq Tərəfdaşlığı Regional Proqramının icrasına dəstək” layihəsi çərçivəsində, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının razılığı ilə təşəbbüsə qoşulmuş bələdiyyələrin nümayəndələri üçün Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanmasına dair təlimlər keçirilib.
Cari ilin 5–9 oktyabr tarixlərini əhatə edən təlimlərdə Energetika Nazirliyinin sektor müdiri Nurəngiz Fərəcullayeva, layihə komandasının rəhbəri Vitold Sartorius və beynəlxalq ekspertlər iştirak ediblər. Təlimlərdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını icraçı katib Əli Əkbərli təmsil edib.
Təlimlərin əsas məqsədi bələdiyyələrin iqlim dəyişmələri ilə mübarizə, enerji səmərəliliyi və dayanıqlı yerli inkişaf sahələrində bilik və bacarıqlarını artırmaq olub.
Dörd gün davam edən təlimlərdə ölkənin müxtəlif regionlarını təmsil edən 20 bələdiyyənin nümayəndələri iştirak ediblər. Hər qrupdan beş bələdiyyənin nümayəndəsinin iştirakı ilə təşkil olunan təlimlərdə iştirakçılara SECAP-ın hazırlanması üzrə nəzəri və praktiki biliklər təqdim olunub. Təmsil olunan bələdiyyələr qruplar üzrə aşağıdakı kimi bölüşdürülüb:
I qrup: Ağdaş, Qəbələ, Zaqatala, Goranboy rayonunun Səfikürd və Ağdam rayonunun Quzanlı bələdiyyələri;
II qrup: Səbail rayonunun Badamdar, Sumqayıt, Lənkəran, Masallı və İsmayıllı bələdiyyələri;
III qrup: Gəncə şəhərinin Kəpəz, Bərdə, Şəmkir, Naftalan və Göygöl bələdiyyələri;
IV qrup: Sabirabad, İmişli rayonunun İmişli və Xəlfəli, Füzuli rayonunun Horadiz və Şərur rayonunun Daşarx bələdiyyələri.
Təlim proqramı çərçivəsində Merlər Razılaşmasının məqsədləri, SECAP-ın hazırlanma metodologiyası, bələdiyyələrin bu prosesdə rolu və məsuliyyətləri, ilkin emissiya inventarının (BEI) hazırlanması, enerji istehlakı və istixana qazı emissiyaları üzrə məlumatların toplanması, eləcə də iqlim risklərinin və həssaslığın qiymətləndirilməsi məsələləri ətraflı müzakirə edilib.
İştirakçılara məlumatların toplanması və təhlili, yerli iqlim və enerji prioritetlərinin müəyyənləşdirilməsi, bələdiyyələrin mövcud imkanlarının və qarşılaşdıqları çətinliklərin qiymətləndirilməsi üzrə praktiki tövsiyələr verilib. Həmçinin yerli şəraitə uyğun tədbirlərin müəyyənləşdirilməsi və SECAP sənədlərinin hazırlanması prosesində texniki dəstək ehtiyacları nəzərdən keçirilib.
Keçirilən təlimlərin bələdiyyələrin dayanıqlı enerji və iqlim siyasətinin yerli səviyyədə həyata keçirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviqi, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma istiqamətində fəaliyyətinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Eyni zamanda, SECAP sənədlərinin hazırlanması bələdiyyələrə yerli ehtiyac və imkanları nəzərə almaqla konkret tədbirlər planlaşdırmağa, ekoloji dayanıqlılığı artırmağa və dayanıqlı yerli inkişaf məqsədlərinə nail olmağa imkan yaradacaqdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları