Azərbaycan nümayəndələri COP31 çərçivəsində keçirilən panel müzakirədə iştirak ediblər

Türkiyənin Antalya şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Binalarda enerji səmərəliliyi: yerli özünüidarəetmə orqanları” mövzusunda 16 noyabr 2026-cı il tarixində panel müzakirə keçirilib.

Panel müzakirəyə dəvət olunmuş Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın baş məsləhətçisi Rövşən Məmmədov tədbirdə iştirak ediblər.

Müzakirə zamanı çıxış edən Təmraz Tağıyev iqlim dəyişiklikləri ilə mübarizədə, xüsusilə binalarda enerji istehlakının azaldılmasının dayanıqlı şəhərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu istiqamətdə mərkəzi dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının da fəal iştirakının vacibliyini qeyd edib.

AŞBMA sədri Azərbaycanda son illərdə bələdiyyələrin institusional və maliyyə potensialının gücləndirilməsi, yerli resurslardan səmərəli istifadə və rəqəmsal idarəetmə vasitələrinin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, bələdiyyələrin ictimai binalarda enerji qənaətinin təşviqi, səmərəli işıqlandırma sistemlərinin tətbiqi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirmənin gücləndirilməsi sahəsində mühüm töhfə verə biləcəyini bildirib.

Çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan Təmraz Tağıyev hər iki ölkənin prezidentlərinin çıxışlarında ifadə olunan qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə istinad edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan möhkəm qardaşlıq əlaqələrinin heç bir kənar qüvvə tərəfindən sarsıdıla bilməyəcəyini vurğulayıb.

Təmraz Tağıyev, həmçinin bələdiyyələrin enerji səmərəliliyi üzrə yerli fəaliyyət planlarının hazırlanmasında, bərpaolunan enerji həllərinin təşviqində və ictimaiyyətin ekoloji maarifləndirilməsində iştirakının vacibliyini diqqətə çatdırıb. O, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan bələdiyyələrinin beynəlxalq təşəbbüslərdə fəal iştirak etməyə, öz təcrübələrini bölüşməyə və əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

 

 

                                                                                                                                          Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər