Azərbaycan nümayəndələri Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak ediblər
Oktyabrın 8-də Türkiyənin İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Azərbaycanı Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və qurumun baş məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
İclasın gündəliyində duran əsas məsələlərdən biri Dünya Bələdiyyələr Birliyinin (UCLG) prezidenti seçilmiş Uğur İbrahim Altayın səkkiz il ərzində tutduğu TDBB sədri vəzifəsini Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgelə təhvil verməsi olub. TDBB-nin yeni sədri çıxışında qarşıdakı dövrdə Birliyin fəaliyyətinin genişləndirilməsinin və Türk dünyası bələdiyyələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet istiqamətlər olacağını bildirib.
İstanbul millət vəkili, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və yerli idarəetmə orqanları üzrə məsul şəxs Mustafa Demir çıxışında Fırat Görgelə yeni vəzifəsində uğurlar arzulayıb. O, Türk dövlətləri arasında həyata keçirilən siyasi və iqtisadi əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müzakirə olunan məsələlər sırasında Naxçıvan bələdiyyəsinin TDBB-yə üzvlüyü və Rize bələdiyyəsi ilə qardaş şəhər əlaqələrinin qurulması da yer alıb.
AŞBMA-nın sədri Təmraz Tağıyev çıxışında Türk dünyasının bələdiyyələri arasında qardaş şəhər münasibətlərinin qurulmasını yüksək qiymətləndirib. O, Uğur İbrahim Altaya Birliyin inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib, Fırat Görgelə isə yeni vəzifəsində uğurlar arzulayıb.
TDBB-nin baş katibi Taha Zahid Özdəmir iyulun 31-dən oktyabrın 8-dək olan dövrdə Birlik tərəfindən həyata keçirilən beynəlxalq layihələr və sosial-humanitar təşəbbüslər barədə məlumat verib. İclasda, həmçinin Birliyin qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunub.
İclasda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Kosovo, Bosniya və Herseqovina, Liviya və Makedoniyadan olan bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirin sonunda Zeytinburnu Bələdiyyəsinin başçısı Ömər Arısoya və Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgelə Azərbaycanın milli hədiyyələri təqdim olunub.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları