Bələdiyyələrin birləşdirilməsində beynəlxalq təcrübə

Ölkəmizdə 1999-cu ilin dekabrında ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olmuş və həmin gündən bələdiyyə institutu formalaşmağa başlamışdır. İlk bələdiyyə seçkilərindən sonra onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə könüllü birləşmə əsasında 2009-cu və 2014-cü illərdə bələdiyyələrin birləşməsi prosesi baş tutmuşdur.
Bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərclərin aradan qaldırılmasına, bu qurumların maliyyə-iqtisadi və kadr potensialının artırılmasına və bununla da yerli əhəmiyyətli məsələlərin həllində dövlətin maliyyə yükünün azalmasına, habelə bu sahəyə dövlət nəzarətinin daha da gücləndirilməsinə təkan verəcəkdir.
Avropa ölkələrində də bələdiyyələrin birləşməsi prosesi yaşanıb. Həmin ölkələrdə də əvvəlcə kiçik bələdiyyələr fəaliyyət göstərib. Sonradan inzibati ərazi islahatları nəticəsində   həmin bələdiyyələr birləşdirilərək  bugünkü  səviyyəyə çatdırılmış və onların mövcud imkanları daha da genişləndirilmişdir.
Beynəlxalq təcrübəyə əsasən bələdiyyələrin birləşdirilməsi prosesi zamanı bələdiyyə tərəfindən büdcənin düzgün idarə edilməməsi, aşağı dövlət xidmətlərinin göstərilməsi, məhdud infrastruktur imkanları, adambaşına düşən bələdiyyə xərclərinin digər bələdiyyələrə nisbətdə yüksək olması, bələdiyyə işçilərinin əmək haqlarının digər bələdiyyələrə nisbətdə az olması və ya ödənilməməsi, inzibati xərclərin gəlirdən çox olması və əhali sayının azalması kimi faktorlar əsas götürülür. Beynəlxalq təcrübədə bələdiyyələrin əhali sayına dair tələblərinə diqqət yetirsək görərik ki, bələdiyyələrin birləşdirilməsi, həmçinin yeni bələdiyyənin yaradılması üçün minimum əhali sayı qanunla müəyyənləşdirilir.
Maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə,  İtaliya, Fransa, Kanada, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə mövcuddur. Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən 2000-5000 aralığında müəyyən olunur. Bələdiyyələrin birləşdirilməsi prosesində vacib amillərdən biri kimi bələdiyyə vahidinə düşən əhali sayının nəzərə alınmasıdır. Yuxarıda adları qeyd olunan ölkələrə nəzər yetirsək bələdiyyə vahidinə düşən əhali sayının orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil etdiyini görərik. Azərbaycanda isə bu rəqəm 6,5 min nəfərdir. Əhalinin hər 100 min nəfərinə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil edir.
Türkiyə Respublikasında 2009-cu ildən etibarən bir neçə mərhələdə birləşdirilməklə, bələdiyyələrın sayı 2950 vahiddən 1391 vahidə endirilmişdir. Birləşdirilən bələdiyyələrin 86%-i qanunla müəyyən edilmiş əhali sayının aşağı həddi və maliyyə potensialının aşağı olması əsas götürülərək birləşdirilmişdir.
Ötən dövr ərzində ölkəmizdə bələdiyyələrin fəaliyyətinin  səmərəlilik baxımından qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları  (ABMA) tərəfindən müvafiq  təhlillər aparılmışdır. Təhlillərin  nəticələrinə əsasən müəyyənləşdirilmişdir ki, ölkənin əksər bələdiyyələri kadr və maliyyə-iqtisadi potensialının zəif olması səbəbindən bələdiyyə idarəetməsini lazımi səviyyədə qurmaqda və əhalini narahat edən yerli problemləri həll etməkdə çətinlik çəkir, qanunvericiliklə onlara həvalə edilən  yerli özünüidarə funksiyalarını tamamilə və ya qismən yerinə yetirə bilmirlər. Qeyd olunan belə ciddi amillər ölkəmizdə bələdiyyələrin birləşdirilməsinə zəmin yaratmışdır.

Faydalı Linklər