Bələdiyyələrin birləşməsinə ehtiyac duyulur
Azərbaycanda bələdiyyə qanunvericiliyi ilk dəfə yaradılarkən hər bir yaşayış məntəqəsində bələdiyyələrin yaradılmasının mümkünlüyünü özündə ehtiva etmişdir. Bu isə ən kiçik kəndlərdə belə bələdiyyələrin yaradılmasına gətirib çıxarmışdır. Nəticədə ilk bələdiyyələrin sayı 2755-ə bərabər olmuşdur. Bələdiyyələr formalaşdıqdan sonra aparılmış təhlillər göstərdi ki, bir çox bələdiyyələr nəinki sakinlərin problemlərini aradan qaldırmağa, yerli əhəmiyyətli məsələləri həll etməyə, hətta özlərini saxlamağa və fəaliyyətlərini davam etdirməyə qadir deyillər. Bu səbəbdən yaranan vəziyyətdən çıxış yolları araşdırılmağa başlandı və məlum oldu ki, maliyyə imkanları zəif, qanunvericiliklə üzərlərinə düşən vəzifələri yerinə yetirə bilməyən xırda bələdiyyələrin birləşdirilməsi ən optimal variantlardan biridir. Dünya təcrübəsi də göstərmişdir ki, bələdiyyələrin iqtisadi və maliyyə potensialının artırılması yollarından biri onların birləşməsidir. Azərbaycanda bu təcrübədən artıq iki dəfə istifadə edilmişdir. İlk dəfə 2009-cu ildə bələdiyyələrin birləşməsi nəticəsində onların sayı 2755-dən 1718-ə, 2014-cü ildəki birləşmə nəticəsində isə 1607-yə qədər azalmışdır. Hazırda 1606 bələdiyyə mövcuddur. Ümumilikdə birləşmələr nəticəsində bələdiyyələrin sayı 1148 vahid, yaxud 42 faizə yaxın azalmışdır.
Bələdiyyələrin fəaliyyətini əlaqələndirən, onların möhkəmlənməsi və inkişafına nail olmağa çalışan, sosial, iqtisadi və ekoloji problemlərin həllində bələdiyyələrin rolunun artırılmasına yardımçı olan Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) mövcud vəziyyəti daim təhlil edərək optimal variantları araşdırır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ölkədə fəaliyyət göstərən 1606 bələdiyyədən təqribən 1000-dən çox bələdiyyənin maliyyə imkanlarının aşağı olması səbəbindən həmin bələdiyyələr qanunvericiliklə üzərlərinə düşən vəzifələr üzrə fəaliyyətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Həmin bələdiyyələrin büdcə gəlirlərinin böyük hissəsi dotasiya hesabına formalaşır. Bu bələdiyyələrdə bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqlarının vaxtında verilməməsi, sosial sığorta borcları səbəbindən bank hesablarına məhdudiyyətlərin qoyulması, ixtisaslı kadrların cəlb edilə bilməməsi kimi problemlər eyni zamanda cəmiyyətdə bələdiyyələrin nüfuzunun aşağı düşməsinə gətirib çıxarır.
Beynəlxalq təcrübə araşdırıldıqda məlum olur ki, Türkiyə, İtaliya, Fransa, Kanada, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin birləşdirilməsi üçün əhali sayının aşağı həddi 2000-5000 aralığında müəyyən olunur. Hər 100 min nəfərə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil edir.
Yuxarda qeyd olunanlar ölkəmizdə bələdiyyələrin növbəti dəfə birləşdirilməsini şərtləndirir. Əhalisinin və ev təsərrüfatlarının sayı az olan kiçik bələdiyyələrin birləşdirilməsi inzibati resurslardan daha səmərəli istifadə edilməsi nəticəsində yerli özünüidarəetmədə qeyri-effektiv xərclərin aradan qaldırılmasına zəmin yaradar.
Birləşdikdən sonra bələdiyyələrin maliyyə-iqtisadi potensialının artması nəticəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksələr, bələdiyyə ərazisinin abadlaşdırılması, bələdiyyə yollarının tikilməsi və saxlanılması, su təchizatı və kanalizasiya təsərrüfatının yaxşılaşdırılması, məişət tullantılarının idarə edilməsi, qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, eləcə də yerli infrastrukturun digər sahələrinin inkişafını sürətləndirər. Göstərilənlər bələdiyyələrin əhali arasında nüfuzunun artmasına və yerli vergi və ödənişlərin yığım səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Beləliklə yerli özünüidarəetmə institutunun daha təkmil formada fəaliyyətinə zəmin yaranacaqdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları