İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin 7-ci ümumi yığıncağında Azərbaycan nümayəndələri iştirak ediblər

İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin 7-ci ümumi yığıncağında Azərbaycan nümayəndələri iştirak ediblər

Türkiyənin İstanbul şəhərində Zeytinburnu bələdiyyəsinin ev sahibliyi ilə Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) 26 aprel 2025-ci il tarixli 7-ci ümumi yığıncağı  keçirilmişdir. Ümumi yığıncaqda Azərbaycan 12 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələrinin Assosiasiyasının və Ordubad rayonu, Dəstə bələdiyyəsinin sədri Tofiq Babayev, AŞBMA-nın icraçı katibi Əli Əkbərli, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Lənkəran bələdiyyəsinin sədri Vüsalə Babayeva, Sumqayıt şəhəri Hacı Zeynalabidin Tağıyev bələdiyyəsinin sədri Əsli Qasımova, Zaqatala bələdiyyəsinin sədri Nurəli Əhmədov və Şirvan bələdiyyəsinin sədr müavini Samirə Abışova olmuşdur. Azərbaycan nümayəndə heyətindən yanaşı yığıncağa 20 ölkədən 400 bələdiyyə sədri və üzvü qatılmışdır.

Ümumi yığıncaq öncəsi Azərbaycan nümayəndə heyəti TDBB-nin inzibati binasını ziyarət etmiş və Şirvan bələdiyyəsinin sədr müavini Samirə Abışova Şirvan şəhərini təmsil edən tablonu TDBB-nin baş katibi Fahri Solaka təqdim etmişdir. TDBB-nin 7-ci ümumi yığıncağı öz işinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun onlayn video mesajı ilə başlamışdır. Daha sonra TDBB-nin və Konya böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay çıxış edərək TDBB-nin Türk dövlətlərinin yerli özünüidarəetmə qurumları arasında gedən əməkdaşlığın inkişaf etdirilməsində olan rolunu qeyd etmişdir. Ümumi yığıncağda həmçinin TBMM-nin deputatı və AK partiyasının baş katibinin yerli hakimiyyətlər üzrə müavini Mustafa Demir və TBMM-nın bir digər deputatı və AK partiyasının baş katibinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşad Zorlu iştirak etmişdir. Hər iki deputat öz çıxışlarında Türk dünyası ölkələrinin yerli özünüidarəetmə orqanları arasında aparılan əməkdaşlıqları yüksək qiymətləndirmiş və TBMM-nin bu yolda hər dəstəyə hazır olduğunu bildirmişdir. Açılış nitqlərindən sonra ümumi yığıncaq işinin aparılması məqsədilə AŞBMA-nın sədri Təmraz Tağıyev 5 nəfərdən ibarət olan rəyasət heyətinin tərkibinə seçilmişdir. Rəyasət heyətinin ilk işi olaraq Konya böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altayı yenidən TDBB-nin sədri seçməsi olmuşdur. TDBB-nin baş katibi Fahri Solak keçən dövr ərzində TDBB tərəfindən görülən işlər haqqında məlumat vermiş və xüsusi olaraq AŞBMA-nın Kipr Türk Bələdiyyələr Birliyi ilə imzaladığı əməkdaşlıq protokolunu qeyd etmişdir. İmzalanmış bu protokol Kipr yerli özünüidarəetmə qurumlarının beynəlxalq səviyyədə (Türkiyə xaric) imzaladığı ilk protokol olduğu xüsusilə vurğulanmışdır. Əlavə olaraq, bu dövr ərzində TDBB üzv dövlətlərdə sosial və humanitar layihələr həyata keçirmiş və bır sıra təcrübə mübadiləsi proqramları təşkil etmişdir. Yığıncağın sonrakı saatlarında qurumun təşkilati işləri müzakirə olunmuş və bir sıra məsələlər səsə qoyularaq qəbul edilmişdir.

Daha sonra TDBB-nin nümayəndə heyəti yenidən formalaşdırılmış və AŞBMA-nın sədri Təmraz Tağıyev yekdilliklə nümayəndə heyətinin üzvü olaraq seçilmişdir. Sonda TDBB idarə heyətinin fərqli ölkələrdən təmsil olunan üzvlərinin çıxışları dinlənmişdir. Təmraz Tağıyev öz çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı xətti üzrə apardığı siyasətə dəstək olaraq həmin ölkələrin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıqlarımızı daha da inkişaf etdiririk və bundan sonraki dövrdə də Azərbaycan bələdiyyələri birgə layihələrə və təcrübə proqramlarına öz töhfələrini verəcək. Sonda xatirə şəkli çəkilmiş və TDBB-nin 7-ci ümumi yığıncağı öz işini yekunlaşdırmışdır. Yığıncaq sonrası yeni formalaşmış idarə heyəti qapalı iclas keçirmiş və gündəlikdə duran əsas məsələlər müzakirə edilmişdir. 

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər