Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarında Bələdiyyələrin Vahid İnformasiya Sisteminin fəaliyyətinin təşkili ilə bağlı bələdiyyə nümayəndələri üçün seminarlara başlanılıb

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) fəaliyyətinin təşkili və tətbiqi ilə bağlı bələdiyyə nümayəndələri üçün maarifləndirici seminarların keçirilməsinə başlanılıb.
İlk mərhələdə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda fəaliyyət göstərən 60 bələdiyyəni təmsil edən 120-dən çox nümayəndənin seminarlara cəlb edilməsi nəzərdə tutulur.
23 noyabr 2026-cı il tarixində keçirilən ilk seminarda Bakı şəhərinin Nərimanov, Yasamal, Nəsimi, Səbail, Nizami, Xətai və Suraxanı rayonlarında fəaliyyət göstərən 15 bələdiyyəni təmsil edən, BVİS, maliyyə və vergi məsələləri üzrə struktur bölmələrinin rəhbərləri və mütəxəssisləri olmaqla, ümumilikdə 30 nümayəndə iştirak edib.
Seminarların əsas məqsədi BVİS-də vergi ödəyicilərinə dair məlumatların və vergi öhdəliklərinin dəqiqləşdirilməsi, fərdi məlumatların mühafizəsi, dövlət informasiya sistemlərindən istifadə zamanı qanunvericiliyin tələblərinə riayət olunması, habelə sistemin mövcud funksional imkanlarından düzgün istifadə edilməsi ilə bağlı bələdiyyələrin aidiyyəti mütəxəssislərinin məlumatlandırılmasıdır.
Seminarda ABMA və Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzinin (BRİM) əməkdaşları tərəfindən BVİS-in düzgün tətbiqinin bələdiyyələrdə maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə, yerli büdcə gəlirlərinin uçotunun səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının gücləndirilməsinə və elektron xidmətlərin genişləndirilməsinə yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
BRİM-in mütəxəssisləri tərəfindən BVİS-də yaradılmış yeni modulların təyinatı, funksional imkanları və istifadə qaydaları, eləcə də mövcud çətinliklər və istifadəçilərin qarşılaşdıqları texniki problemlər praktiki nümunələr əsasında onlayn rejimdə izah edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin BVİS-in gələcək təkmilləşdirilməsi ilə bağlı bələdiyyə nümayəndələrinin təklifləri dinlənilib.
Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ABMA BVİS-in təkmilləşdirilməsi, onun funksional imkanlarının genişləndirilməsi və bələdiyyə nümayəndələrinin sistemdən səmərəli istifadə bacarıqlarının artırılması istiqamətində tədbirləri davam etdirəcək (25-30 noyabr 2026-cı il tarixlərində).


Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər