
ABMA ölkə bələdiyyələrinin əlaqələndirilməsi işini davam etdirir
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarında (ABMA) yeni seçilmiş bələdiyyə sədrləri və üzvləri, həmçinin bələdiyyə qulluqçuları ilə onlayn formatda görüşlərin keçirilməsinə start verilib. Təsdiq olunmuş qrafikə uyğun olaraq ölkə bələdiyyələrini əhatə edən 20 görüşün keçirilməsi nəzərdə tutulur. Artıq 362 bələdiyyəni əhatə edən 700-dən çox bələdiyyə təmsilçilərinin iştirakı ilə 11 görüş kemirilmişdir.
Görüşlərin keçirilməsində əsas məqsəd bələdiyyələrin birləşdirilməsindən gözlənilən müsbət nəticələrin əldə edilməsinə dəstək olmaq, yeni seçilmiş bələdiyyələrin ABMA-nın fəaliyyət istiqamətləri və BAMS proqramı barədə məlumatlandırmaq, həmçinin yerlərdə bələdiyyələrin fəaliyyətində mövcud və mümkün çətinliklərin müzakirə edilərək aradan qaldırılmasına nail olmaqdır.
Görüşlərdə ABMA tərəfindən həyata keçirilən tədbirlər, e-bələdiyyə portalının bələdiyyələrdə tətbiqi, BAMS-da aparılan təkmilləşdirmə işləri və nəzərdə tutulan inteqrasiya prosesləri barədə bələdiyyələrə geniş məlumat verilmişdir. Bələdiyyələr tərəfindən isə poçt filiallarında hesabların açılması prosedurlarının mürəkkəbliyi, internet bankinq xidmətinə əlçatanlığın zəif olması, sosial sığorta üzrə borclarının artması və ərazilərində olan ekoloji, sosial və digər problemlərlə bağlı məsələlər diqqətə çatdırılmışdır. Görüşlər zamanı müəyyən olunan problemli məsələlərin ABMA tərəfindən aidiyyəti qurumlarla birgə mütəmadi olaraq müzakirə edildiyini, onların həlli istiqamətində artıq real nəticələrə hesablanmış addımların atıldığını bələdiyyə təmsilçilərinin diqqətinə çatdırılmışdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları