BƏLƏDİYYƏ VERGİLƏRİ: ABMA-DA GÖRÜŞ KEÇİRİLƏCƏK

Mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsində yaranmış çətinliklər müzakirə olunacaq 

Mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsi sahəsində yaranmış çətinliklər Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının inzibati binasında geniş tərkibdən ibarət görüşdə müzakirə olunacaq. Dövlət Vergi Xidmətinin və bələdiyyələrin vergi xidməti orqanlarının nümayəndələrinin iştirak etdiyi görüşdə ödəniş obyektlərinin uçotunun aparılması və həmin obyekt üzrə yerli ödənişlərin bələdiyyə büdcəsinə daxil edilməsi mexanizmləri ətraflı öyrəniləcək. Görüşün keçirilməsində məqsəd bələdiyyələrin vergi yığımında yaranmış çətinlikləri tam aradan qaldırmaq və obyekt sahiblərinin bu sahədə maarifləndirilməsinə dəstək verməkdir. ABMA-nın nəzdindəki “Bələdiyyələrin Onlayın Xidmət Mərkəzi”-nin apardığı araşdırmalar göstərir ki, mehmanxana və dayanacaqların qeydiyyata durmaqdan yayınması halları artıb. Belə ki, uçota alınmış obyektlər hesabat verməkdən yayınır, hesabat dövründə ödənişlərini ödəmirlər  və ya real göstəricidən az ödəyirlər. Eyni zamanda, bələdiyyələrin sözügedən obyektlərlə bağlı məhkəmə proseslərini uduzmalarına səbəb kimi iddialar qaldırılan məsələləri sübut edə bilməmələri olur. Vergi orqanları ilə əməkdaşlıq səviyyəsinin artırılması məqsədilə keçiriləcək görüşün nəticəsi olaraq bu cür çətinliklər aradan qalxacaq və bu hal bələdiyyələrin maliyyə vəziyyətinin xeyli dərəcədə yaxşılaşdırılmasına təkan verəcək. Qeyd edək ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilmişdir. 

Faydalı Linklər