BƏLƏDİYYƏLƏRİN MÜSTƏQİLLİYİ NƏ DEMƏKDİR?
Əli ƏKBƏRLİ
AŞBMA-nın icraçı katibi
Bələdiyyələrin müstəqil fəaliyyəti, müstəqillik prinsipinə əsaslanır və bu prinsip yerli özünidarənin mahiyyətini təşkil edən fundamental prinsiplərdən biridir. Bələdiyyələrin müstəqilliyi həm də onların fəaliyyətində qanunçuluq, aşkarlıq, şəffaflıq, kollegiallıq, insan və vətəndaş hüquqlarına hörmət, ədalətlilik və demokratizm kimi əsas prinsiplərə söykənir. Bu prinsiplər demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daxil edilən “Yerli özünüidarəetmə” bölməsinin, “Bələdiyyələr” adlı IX fəslində öz əksini tapıb. Bununla da Yerli özünüidarə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğun olaraq ölkəmizdə bələdiyyələrin işinin təşkilinin prinsipial əsasları və onların müstəqilliyinin təminatı olkə Konstitusiyasının 142-146-cı maddələrində təsbit olundu. Konstitusiyanın 146-cı maddəsində qeyd olunur ki, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildir, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Göründüyü kimi ölkəmizdə bələdiyyə fəaliyyətinin müstəqilliyi ilə yanaşı Konstitusiyada onların məsuliyyəti də müəyyənləşdirilib. Konstitusiyanın “Bələdiyyələrin məsuliyyəti” adlanan 146-1-ci maddəsində konkret olaraq bələdiyyələrin,bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıdıqları öz əksini tapıb. Həmçinin qanunvericilikdə bələdiyyələrin fəaliyyətinə dövlət nəzarətinin əsasları da verilib. Bu “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilir. Dövlət inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrin müstəqil fəaliyyətini qanunvericilik qaydasında təmin edir. Qeyd olunan qanunun 4-cü maddəsinin 4.4-cü bəndində bildirilir ki, inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. Beləliklə, görürük ki, dövlət bələdiyyələrin müstəqil fəaliyyəti üçün olkə qanunvericiliyi ilə bütün imkanları yaradıb. Amma bir şərtlə ki, bələdiyyələrin müstəqil və sərbəst fəaliyyəti mövcud qanunvericilik aktlarına ciddi əməl edilməklə həyata keçirilsin. Çünki, bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır. Yerli əhali tərəfindən seçkilər əsasında formalaşdırılan bələdiyyələr, yerli problemləri müstəqil və sərbəst şəkildə həll etmək səlahiyyətlərinə malik olmaqla yanaşı, mövcud qanunvericiliyin tələblərinə də ciddi riayət etməklə fəaliyyət göstərməlidirlər.