Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının yaratdığı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemininə (BAMS) Bələdiyyələrin vahid informasiya sistemi kimi hüquqi status verilir

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının yaratdığı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemininə (BAMS) Bələdiyyələrin vahid informasiya sistemi kimi hüquqi status verilir

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin 22.05.2025-ci il tarixdə keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Komitənin videokonfrans formatında keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəhbərliyi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı bildirilib ki, hazırda bələdiyyələr gəlir və xərclərin uçotunun aparılması, yerli vergi və ödənişlərin hesablanması, tədiyyə bildirişlərinin çap edilməsi və digər vergi-uçot fəaliyyətlərinə dair məsələlərin həllində Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) son 2 il ərzində əsaslı şəkildə təkmilləşdirilmiş yeni versiyasının imkanlarından istifadə edirlər. Amma lazımi məlumatların real vaxt rejimində əldə edilməsində və müvafiq dövlət qurumlarının elektron məlumat bazasına inteqrasiyası proseslərində bələdiyyələrin müəyyən çətinliklərlə rastlaşması BAMS-a dövlət informasiya sistemi statusunun verilməsi zərurətini yaradıb. 

Bu məqsədlə komitə iclasının müzakirəsinə çıxarılan layihəyə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır. Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.

Həmin sistemdən sorğu əsasında əldə edilən və sistemə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

Qeyd olunub ki, vahid informasiya sisteminin yaradılması bələdiyyələr tərəfindən yarana bilən korrupsiya amillərinin aradan qaldırılmasına və şəffaflığın artırılmasa xidmət edəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun layihəsində sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi də təklif olunur.

Qanun layihəsində təklif olunan digər dəyişikliklər isə bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər