
Bələdiyyələrin qiymətləndirmə sahəsində üzləşdiyi çətinliklər müzakirə edilib
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) təşəbbüsü ilə 29 may 2025-ci il tarixində Assosiasiyanın inzibati binasında “Qiymətləndirmə sahəsində qanunvericiliyin tətbiqi üzrə bələdiyyələrin çətinlikləri və onların müzakirəsi” mövzusunda görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Qiymətləndiricilər Palatasının nümayəndələri, eləcə də müxtəlif regionlardan dəvət olunmuş bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirin əsas məqsədi bələdiyyələrin torpaq sahələrinin qiymətləndirilməsi ilə bağlı qarşılaşdıqları problemləri müzakirə etmək, qanunvericilikdə nəzərdə tutulan yeni tələblərlə bağlı fikir mübadiləsi aparmaq və praktiki həll yollarını müəyyənləşdirmək olub.
Qeyd olunub ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq bəzi normativ aktlara dəyişikliklər edilib. Artıq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı zamanı qiymətlər Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən bazar dəyəri və normativ qiymətlər əsasında müəyyən ediləcək.
Görüşdə bələdiyyələrin qiymətləndirmə sahəsində rastlaşdıqları praktiki çətinliklər səsləndirilib, iştirakçı qurumların nümayəndələri isə bu məsələlərin həlli ilə bağlı konkret təkliflər veriblər.
Sonda torpaq sahələrinin qiymətləndirilməsi üçün vahid metodologiyanın hazırlanması və tətbiqi barədə razılıq əldə olunub. Bu təşəbbüsün əsas məqsədi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışında şəffaflığı və ədalətliliyi təmin etməkdir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları