İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin işində Azərbaycan nümayəndələri iştirak ediblər

      Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin 25 iyul 2024-cü il tarixli iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olublar. 
    TDBB-nin tarixi binasında keçirilən idarə heyəti iclasının gündəliyində duran birinci məsələ Kipr Türk Bələdiyyələr Birliyi tərəfindən TDBB-yə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə əməkdaşlıq protokolunun imzalanması ilə bağlı müraciət olmuşdur. Hər iki assosiasiya sədri ölkə rəhbərlərinin milli səviyyədə apardığı əməkdaşlığın yerli səviyyədə də aparılması məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğuladılar. AŞBMA-nın sədri çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ilin iyul ayında Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarı qəbul edərkən ölkələr arasında gedən əməkdaşıq və dostluq əlaqələrinin inkişafını dəstəklədiyini qeyd etmişdir. Bu dəstək fonunda Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını və qarşılıqlı səfərlərin təşkil edilməsini AŞBMA sədri vurğulamışdır. Sonda əməkdaşlıq haqqında protokolun imzalanması üzrə işlərin başlanması haqqında qərar qəbul edilmişdir. 
İdarə Heyətinin iclasında həmçinin 25 aprel 2024-cü il və 25 iyul 2024-cü il tarixləri arasındakı dövr ərzində TDBB tərəfindən görülən işlər haqqında məlumatlar verilib. Keçən müddət ərzində TDBB-yə üzv dövlətlərdə sosial və humanitar layihələr həyata keçirmiş və bır sıra təcrübə mübadiləsi proqramları təşkil etmişdir. Əlavə olaraq, qarşıda duran müddət ərzində TDBB-nin dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin keçirilməsi və bir sıra sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar verilmişdir.

Faydalı Linklər