Kipr Türk Bələdiyyələri Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan və Şimali Kipr Türk Respublikası (ŞKTR) Milli Məclisləri fonunda gedən əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də aparılması məqsədilə Kipr Türk Bələdiyyələri Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında əməkdaşlıq protokolunun imzalanması Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən təklif olunmuş və hər iki birlik tərəfindən müsbət qarşılanmışdır. Bu məqsədlə AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov, Sumqayıt bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev və ABMA-nın Yerli inkişaf layihələri ilə iş və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmrah İmanov və şöbənin məsləhətçisi Rövşən Məmmədovdan ibarət nümayəndə heyəti 25-28 sentyabr 2024-cü il tarixlərində ŞKTR-nın Şimali Nikosiya (Lefkoşa) şəhərində səfərdə olublar.
Səfər çərçivəsində yerli özünüidarəetmə orqanları üzvlərindən ibarət Azərbaycan nümayəndə heyətini ŞKTR Məclisinin sədri Zorlu Töre və ŞKTR Maliyyə Naziri Özdemir Berova öz iqamətgahlarında qəbul etmişdir. Keçirilən görüşlərdə Azərbaycan və ŞKTR arasında həyata keçirilən əməkdaşıq və dostluq əlaqələrinin inkişafı fonunda bu əməkdaşklığın yerli özünüidarəetmə səviyyəsində də aparılmasının vacibliyi qeyd edilmişdir. Daha sonra Azərbaycan nümayəndə heyətini KTBB-nin sədri Mahmut Özçınar birliyin öz tarixi binasında qəbul etmiş və görüşdə əməkdaşlıq haqqında müzakirələr aparılmışdır.
Proqrama uyğun olaraq nümayəndə heyəti Girne bələdiyyəsinin sədri Murat Şenkulu ilə görüşmüş, daha sonra ŞKTR Daxili İşlər Naziri Dursun Oğuzun iştirakı ilə KTBB-nin sədri Mahmut Özçınar və AŞBMA-nın sədri Təmraz Tağıyev tərəfindən 27 sentyabr 2024-cü il tarixdə ŞKTR-nın Girne şəhərində əməkdaşlıq protokolunu imzalanmışlar. Protokola əsasən tərəflər ŞKTR və Azərbaycanın yerli özünüidarəetmə orqanları arasında təhsil, səhiyyə, gənclər və idman, turizm, tarixi və mədəni irsin qorunması, ətraf mühit, enerji, mədəniyyət və incəsənət, infrastruktur, informasiya texnologiyaları, nəqliyyat, texniki və humanitar yardım kimi məsələlərdə əməkdaşlıq etmək məqsədilə təcrübə və ekspert mübadiləsi proqramları və hər iki tərəfin məqsədəuyğun hesab etdiyi layihələri birgə həyata keçirəcək. Protokola uyğun olaraq tərəflər ŞKTR və Azərbaycan şəhərləri arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Qardaşlaşmış şəhərlərin” müsbət təcrübəsindən istifadə etməklə qarşılıqlı əlaqələrin qurulmasını dəstəkləyəcək və təşviq edəcəklər. Tərəflər həmçinin yerli inkişafı dəstəkləmək üçün iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə investorlara və sahibkarlara lazımi yardımlar göstərəcəklər.
Sonda Azərbaycan nümayəndə heyəti Çatalköy-Esentepe bələdiyyəsinin sədri Ceyhun Kırokun dəvəti ilə “12-ci Beşparmaklar Kültür ve Sanat Günleri” festivalının açılış mərasimində iştirak etmişdir.