Yerli özünüidarəetmənin effektivliyi artacaqdır
Yerli özünüidarəetmənin effektivliyi artacaqdır
Bələdiyyələrin yaradılmasından ötən dövrə nəzər saldıqda qeyd etmək olar ki, onların fəaliyyətinin səmərəli tənzimlənməsi üçün bir sıra yeni qanunvericilik aktları qəbul olunmuş, mövcud qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində yerli özünüidarəetmənin hüquqi bazası xeyli təkmilləşmişdir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsini daim diqqət mərkəzində saxlamış, geniş və əhatəli proqramla çıxış etmiş, təşəbbüslər irəli sürərək, maarifləndirmə işləri aparmışlar.
Lakin, ölkə bələdiyyələrinin indiyə qədər keçdiyi yol, onların həyatında formalaşma, institusional inkişaf və quruculuq illəri kimi yadda qalsa da, aparılan araşdırma və təhlillərin nəticəsi sübut etmişdir ki, əhalisinin sayı az, maliyyə durumu zəif olan bələdiyyələrin sayının çox olması Azərbaycanda bələdiyyə institutunun inkişafını əngəlləyən amillərdəndir. Təhlillər nəticəsində məlum olmuşdur ki, həmin bələdiyyələr yerli özünüidarəetmənin bir sıra funksiyalarının yerinə yetirilməsində çətinliklərlə qarşılaşmış, təmsil etdikləri əhalinin arzu etdikləri qurumuna çevrilə bilməmişlər. Məhz bütün bunlar maliyyə-iqtisadi potensialı yox dərəcəsində olan kiçik bələdiyyələrin birləşməsini zəruri etmişdir.
Təbii ki, belə bələdiyyələrin yaranmasına, yenidən birləşməsinə, dünyanın bir sıra ölkələrində, o cümlədən mərkəzi və şərqi Avropa ölkələrində də təsadüf edilmiş, zaman-zaman zərurət yarandığı təqdirdə bu proseslər həyata keçirilmişdir. Azərbaycanda da bu addımlar atılaraq 2009-cu və 2014-cü illərdə bələdiyyələrin birləşməsi nəticəsində bələdiyyələrin sayı 2755-dən 1606-ya qədər azalmışdır. Lakin, bu gün bələdiyyələrin fəaliyyətini təhlil edərkən məlum olur ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin 50 faizindən çoxu istər yerli əhəmiyyətli məsələlərin həllində, istər işçi heyətin əmək haqlarının ödənilməsində, istərsə də kadr potensialının artırılmasında və müasir texnologiyaların tətbiqi istiqamətində heç bir irəliləyişə nail ola bilmirlər. Bütün bunlarsa maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin birləşməsini şərtləndirən amillərdəndir.
Birləşmə prosesinə dair beynəlxalq təcrübəyə nəzər salarkən aydın olur ki, bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil edir. Azərbaycanda isə bu rəqəm 6,5 min nəfərdir.
Bütün qeyd olunanlar mövcud vəziyyətin yaxşılaşdırılması üçün bələdiyyələrin birləşməsinin zəruri olduğunu sübut edir. Bəs birləşmə nəticəsində gözləntilər nədən ibarətdir.
Birinci: bələdiyyələrin fəaliyyətinin iqtisadi səmərəliliyi və əhaliyə göstərilən xidmətlərin səviyyəsi artacaq.
Bu halda yerli büdcə imkanlarının yaxşılaşması üçün münbit şərait yaranacaq, bələdiyyələrin inzibati xərcləri azalacaq, maliyyə resurslarının parçalanmasının qarşısı alınacaq, əmlak və gəlir potensialı genişlənəcək, yeni maddi texniki baza formalaşacaq, əsas vəsaitlərin və əmək ehtiyatlarından istifadənin səmərəliliyi artacaq, yerli infrastrukturun bütün sahələrinin inkişafı sürətlənəcək.
İkinci: Bələdiyyələrə əhalinin marağı artacaq, bələdiyyə qulluğunun cəlbedici imici formalaşacaq, bələdiyyənin nüfuzu yüksələcək.
Birləşmiş bələdiyyələr potensiallarının yaxşılaşması hesabına yerli əhəmiyyətli, sosial sifarişli məsələləri yerinə yetirərkən vətəndaşlar arasında onların nüfuzu əhəmiyyətli dərəcədə artacaq. Bu faktor bələdiyyə üzvlüyünə ən layiqli şəxslərin seçiminə, kadr peşəkarlığının və bələdiyyə qulluğunun cəlbediciliyinə gətirib çıxaracaqdır.
Üçüncü: İnzibati resurslardan daha səmərəli istifadə edilməsi nəticəsində yerli özünüidarəetmədə qeyri-effektiv xərclər aradan qalxacaq, bələdiyyələrin fəaliyyətinə nəzarət təkmilləşəcək.
Sözsüz ki, bunlar əhalinin yerli özünüidarəetmənin işindəki fəal iştirakından, ictimai mənafeyə düzgün yanaşmasından, bələdiyyə üzvlərinin və qulluqçularının təşəbbüskarlığı və sosial sifarişləri düzgün qiymətləndirilməsindən çox asılıdır.
Bütün bunlar nəzərə alınarsa birləşmənin strateji hədəfi olaraq güclü bələdiyyə qurumunun yaranması ilə yerli özünüidarəetmənin effektivliyi artacaqdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları