STRASBURQDA AVROPA ŞURASI KONQRESİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Aidə Cəlilzadə:“Ermənistanın Arazdəyən kəndində iri metallurgiya zavodunun tikintisi beynəlxalq qanunlara ziddir”
Dünyada baş verən böhranla yanaşı Azərbaycanın 30 ilə yaxın məruz qaldığı ekoloji böhran məsələsi Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Cari Məsələlər Komitəsinin iclasında müzakirə olunub. Cari Məsələlər Komitəsinin sədri Thomas Andersson və Konqresin Baş katibi Mathieu Mori Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə görüşünün yekun bəyannaməsini Konqresin işi üçün müsbət qiymətləndirib. Baş Katib bildirib ki, bəyannamə yerli və regional demokratiya və özünüidarə üçün yeni təkan verir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Cari Məsələlər Komitəsinin üzvləri Aidə Cəlilzadə, Samirə Hüseynova və nümayəndə heyətinin katibi Rövşən Məmmədovun iştirak etdiyi iclasda “yerli və regional medialar demokratiyanın gözətçisi kimi və “yaşlanan icmalar - insan hüquqları məsələsi olaraq keyfiyyətli sosial xidmət” mövzularında debat baş tutub. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun tikilməsini Komitənin diqqətinə çatdırıb. Bildirib ki, bu zavodun tikintisi beynəlxalq qanunlara ziddir. Espo Konvensiyasına əsasən, iştirakçı tərəfin öz ərazisində planlaşdırdığı iri iqtisadi fəaliyyət digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərirsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd hazırlanmalıdır. Əlavə olaraq, Aidə Cəlilzadə Azərbaycanın Espo Konvensiyası çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə bağlı iddia qaldırmasını və Ermənistanın Konvensiyanın müddəalarına əməl etməməsi barədə qərarın qəbul edilməsini Komitə üzvlərinin diqqətinə çatdırıb. Nümayəndə heyətinin digər üzvü Samirə Hüseynova gənclərin bugünkü gündə üzləşdiyi problemləri dilə gətirərək Azərbaycan hökumətinin gənclərə verdiyi dəstək nümunələrindən danışıb. Sonda “İnsan alverinə qarşı mübarizədə yerli və regional hakimiyyət orqanlarının rolu” mövzusunda debat baş tutub.