Bələdiyyələrin birləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilir
Son günlər mediada gündəmdə olan aktual mövzulardan biri də bələdiyyələrin birləşdirilməsindən sonra növbəti bələdiyyə seçkiləri ilə bağlı proseslərin ardıcıl olaraq həyata keçirilməsidir.
Bələdiyyələrin birləşdirilməsi ilə bağlı Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) da apardığı araşdırma və təhlilləri məqalələr şəklində sosial şəbəkələr və mediada yerləşdirməklə bu proseslərə öz töhvəsini verməyə çalışmışdır. Belə ki, ABMA həm Azərbaycanda bələdiyyələrin birləşməsi təcrübəsinə və beynəlxalq təcrübəyə, həm də mövcud qanunvericiliyə istinadən birləşdirilmənin hansı ardıcıllıqla həyata keçirilməsi, eyni zamanda birləşmənin hansı müsbət nəticələrə səbəb olacağı barədə bir sıra materiallar dərc etmişdir.
Digər sahələrdə olduğu kimi bələdiyyələrin də muasir tələblərə uyğun inkişafı və yenidən qurulması zərurəti bir sıra qanunlarda dəyişikliklərin edilməsinə səbəb olmuşdir.
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 05 aprel 2024-cü il tarixli, 1128-VIQD nömrəli Qanun quvvəyə mindikdən sonra qanunun icrası ilə bağlı zəruri addımlar atılmışdir. Əvvəlcə qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr müəyyənləşdirilərək Nazirlər Kabinetinin 210s və 217s nömrəli sərəncamlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları və əlaqədar qurumlarla vəziyyət təhlil edilmişdir. Sonra həmin bələdiyyələrin onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla qarşılıqlı razılığa gələrək birləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə birləşdirilmədə iştirak edəcək hər bir bələdiyyə qanunvericiliyə uyğun olaraq bələdiyyə iclasında qəbul edilmiş rəyini müraciət məktubu ilə birgə Milli Məclisə göndərmişdir. Qanunverici orqan bələdiyyələrdən daxil olmuş müraciətləri ətraflı şəkildə araşdıraraq komitə və plenar iclaslarda geniş müzakirə etmişdir.
Beləliklə Azərbaycan Respublikasının Milli Məclisində 18 oktyabr 2024-cü ildə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilərək Ölkə başçısı tərəfindən 25.11.2024-cü il tarixdə təsdiq edilmişdir.
Sonuncu birləşdirilmə prosesində ölkə üzrə 1400 bələdiyyə iştirak etməklə bələdiyyələrin sayı 1606-dan 921 vahid azaldılaraq 685-ə endirilmişdir. Lakin, bir mühüm məsələni qeyd etmək vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II hissəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 211.5-ci maddəsinə əsasən ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.
Yəni hazırda ölkə üzrə fəaliyyət göstərən 1606 bələdiyyənin hər biri 29.01.2025-ci il tarixdə keçiriləcək bələdiyyə seçkilərində seçilmiş yeni bələdiyyələrin ilk iclas gününədək tam səlahiyyətlidirlər və öz fəaliyyətlərini həmin günə qədər icra etməlidirlər.