“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib

Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib. Konfransda Ədliyyə nazirinin müavini Vilayət Zahirov Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan ulu öndər Heydər Əliyev azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin banisidir. Ulu Öndərin ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyətinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşdiyini bildirən V.Zahirov müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi keçirilən profilaktik və maarifləndirmə tədbirlərini xüsusilə qeyd edib. Tədbirdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və digər millət vəkilləri, bələdiyyə sədrləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak ediblər. Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

 

 

 

Faydalı Linklər