Azərbaycan nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin komitə iclaslarında iştirak edib
Azərbaycan nümayəndə heyətinin Konqresin Monitorinq Komitəsində təmsil olunan üzvləri Arzu Abdullayev, Fərid Cəfərov və nümayəndə heyətinin katibi Rövşən Məmmədov Komitənin 30 iyun 2026-cı il tarixində Norveç Krallığının Oslo şəhərində keçirilmiş iclasında iştirak etmişlər.
Avropa Şurası Konqresinin prezidenti və Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının sədri Qun Marit Helgesen və Monitorinq Komitəsinin prezidenti Kristoffer Tamsons iclası açıq elan etdikdən sonra gündəlik iştirakçıların müzakirəsinə təqdim edilmişdir.
Gündəliyin ilk məsələsi Komitənin 5-ci vitse-prezidentinin seçilməsi olmuşdur. Səsvermənin nəticələrinə əsasən, Çex Respublikasını təmsil edən Yana Fisşerova yekdilliklə Komitənin 5-ci vitse-prezidenti seçilmişdir.
Komitə iclasında məruzə ilə çıxış edən Konqresin baş katibi Mathieu Mori Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası ilə əlaqədar Azərbaycana səfəri çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşü xüsusi qeyd etmişdir. O, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirmişdir. Baş katib bu görüşün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, görüşün təşkilinə görə ABMA-ya və Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirmişdir.
Komitə üzvləri gündəliyin digər məsələlərinin müzakirəsinə keçməzdən əvvəl demokratik təhlükəsizliyin əsas elementlərindən biri kimi yerli və regional səviyyədə demokratik hazırlığa dair Oslo Bəyannaməsini qəbul etmişlər.
İclasda Avropa Yerli Özünüidarəetmə Xartiyasının tətbiqinə dair Albaniya və İsveçrə üzrə monitorinq hesabatları dinlənilmiş, Rumıniya, Moldova və Macarıstanda yerli demokratiyanın vəziyyəti ilə bağlı Avropa Şurası Konqresinə daxil olmuş rəsmi müraciətlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Komitənin iclasında Bosniya və Herseqovina, Niderland, Serbiya, Birləşmiş Krallıq və Sloveniyada keçirilmiş yerli və regional seçkilərin müşahidəsinə dair hesabatlar dinlənilmiş, həmin hesabatlarla bağlı tövsiyə və qətnamə layihələri qəbul edilmişdir.
Yerli və regional demokratiya üzrə risk xəbərdarlığı mexanizmi, 46 üzv dövlətdə yerli və regional seçkilərdə milli və beynəlxalq müşahidəçilərin statusu, Türkiyədə yerli demokratiyanın vəziyyəti, Ukrayna bələdiyyələri və regionlarının mövcud durumu, eləcə də yerli və regional səviyyələrdə insan hüquqları və qanunun aliliyinin təmin edilməsi mövzularında geniş müzakirələr aparılmışdır.
İclasın sonunda Monitorinq Komitəsinin 2026–2027-ci illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilmişdir.
Qeyd: Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin aşağıdakı komitələrin iclaslarında iştirak etmişlər:
Konqresin Sosial İnklüzivlik Komitəsində təmsil olunan üzvləri Xumar Məmmədova, Samirə Hüseynova və nümayəndə heyətinin katibi Rövşən Məmmədov Komitənin 9 iyun 2026-cı il tarixində Finlandiya Respublikasının Kouvola şəhərində keçirilmiş iclasında iştirak etmişlər. İclasda İrlandiyanı təmsil edən Con Krov yekdilliklə Komitənin 5-ci vitse-prezidenti seçilmişdir. Həmçinin "Avropada kənd yerlərindən köç: səbəblərin aradan qaldırılması və yerli və regional yenilənmə üçün imkanların yaradılması" və digər mövzularda geniş müzakirələr aparılmışdır. Sonda Sosial İnklüzivlik Komitəsinin 2026–2027-ci illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilmişdir.
Konqresin İdarəçilik Komitəsində təmsil olunan üzvləri Bəxtiyar Məmmədov, Bəhruz Abbasov və nümayəndə heyətinin katibi Rövşən Məmmədov Komitənin 11 iyun 2026-cı il tarixində Fransa Respublikasının Paris şəhərində keçirilmiş iclasında iştirak etmişlər. Komitənin iclasında "Yerli və regional səviyyələrdə korrupsiyanın qarşısının alınması və dürüstlüyün təşviqi üzrə addımlar" və "Təhsildən geri qalmaq: Avropa icmalarında məktəbə davamiyyətsizliklə mübarizə" mövzularında hesabatlar dinlənilmişdir. Sonda İdarəçilik Komitəsinin 2026–2027-ci illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilmişdir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları