Azərbaycan nümayəndə heyəti CORLEAP-ın 15-ci İllik Yığıncağında iştirak edib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı (CORLEAP) çərçivəsində təmsil olunan Azərbaycan nümayəndə heyətinin yeni tərkibi – Arzu Abdullayev, Təmraz Tağıyev, Nigar Tağıyeva və nümayəndə heyətinin katibi Rövşən Məmmədov 14 sentyabr 2026-cı il tarixində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində keçirilən CORLEAP-ın 15-ci İllik Yığıncağında iştirak etmişlər.

Yığıncağın əsas mövzusu “Şərq Tərəfdaşlığı ölkələrində xarici informasiya manipulyasiyası və müdaxiləyə qarşı mübarizə, həmçinin yerli və regional medianın təşviqi” olmuşdur. Müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev məlumatlı və dayanıqlı cəmiyyətin formalaşdırılması, media və rəqəmsal savadlılığın artırılması, eləcə də yerli və regional medianın gücləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır. O, həmçinin süni intellektin yaratdığı yeni çağırışlar fonunda yerli idarəetmə orqanlarının institusional imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Tədbir çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində yerli və regional səviyyədə qərarların qəbul edilmə prosesinin gücləndirilməsi mövzusunda debat təşkil edilmişdir.

Yığıncağın yekununda “Yerli və regional səviyyədə dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyası”nın (EPAPA) pilot layihəsi təqdim edilmişdir. Təqdimat zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev layihənin Azərbaycanda yerli idarəetmənin inzibati potensialının gücləndirilməsində, xüsusən də resursların idarə olunması və rəqəmsallaşma imkanlarının artırılmasında böyük əhəmiyyət kəsb edəcəyini qeyd etmişdir.

 

 

                                             Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər