Bələdiyyələrlə bağlı vətəndaşları daha çox maraqlandıran   sualların cavablarını bu rubrikada tapa bilərsiniz

Bələdiyyələrlə bağlı vətəndaşları daha çox maraqlandıran sualların cavablarını bu rubrikada tapa bilərsiniz

Bələdiyyələrlə bağlı vətəndaşları daha çox maraqlandıran 

sualların cavablarını bu rubrikada tapa bilərsiniz

 

  1. Bələdiyyə nədir və bələdiyyələr hansı məsələləri həll edir?

 

Cavab: Bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr seçkilər əsasında yaradılır.

 

  1. Yerli əhəmiyyətli məsələlərə hansı məsələlər aiddir?

Cavab:  Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir.

Bələdiyyə ərazisində mövcud olan yerli əhəmiyyətli məsələlər əsasən 3 qrupa bölünür:

 

  1. Yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf məsələləri;

Bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edilə bilər. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər. Belə vətəndaşlara şəhid ailəsinin üzvləri, qazilər, kimsəsizlər, xəstələr, qocalar, maddi imkansızlar, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlar daxildir.

 Yerli sosial müdafiə və sosial inkişaf məsələləri məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.

Bu qrup məsələlər həmçinin mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayırılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi məsələlərini əhatə edir.

 

  1. Yerli əhəmiyyətli iqtisadi inkişaf məsələləri;

 Yerli iqtisadi inkişaf məsələləri aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Bu zaman bələdiyyə torpaqlarından və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə edilməli, yerli əhalinin ehtiyaclarını ödəmək üçün istehsal və xidmət sahələri yaradılır, yeni iş yerləri açılır. Bələdiyyənin istehsal və xidmət sahələri yaradılarkən dövlətin prioritet saydığı (kənd təsərrüfatı, turizm və s.) sahələr əsas götürülməlidir. 

 

  1. Yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri.

 

Bələdiyyələr yerli ekoloji proqramlar həyata keçirməklə yerli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalini hamılıqla cəlb edə bilərlər. Həmin məsələlərə yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxildir. 

Həmçinin bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

 

Qeyd: Hər üç qrup üzrə məsələləri həll edərkən bələdiyyələr dövlət orqanları tərəfindən bu sahələr üzrə müvafiq məsələlərin həllinin həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

  1. Vətandaşlar bələdiyyəyə  daha çox hansı  məsələlərlə bağlı müraciət edirlər? 

 

Cavab: Qanunvericilikdə vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə onları narahat edən yerli problemlərin həlli ilə bağlı fərdi və kollektiv surətdə müraciət etmək hüququ öz əksini tapmışdır.

Belə ki, fiziki və hüquqi şəxslərin müraciətlərinə  bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları, inzibati icraatla bağlı müraciətlərə isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada baxılır.

Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə ünvanladığı müraciətlərə cavab verilməsi müddətlərinin və qaydasının pozulması mövcud qanunvericilik aktlarına  əsasən müvafiq məsuliyyətə səbəb olur.

 Ümumilikdə, bələdiyyələrin 25 illik fəaliyyətlərinin təhlili göstərir ki, vətəndaşlar bələdiyyələrə daha çox fərdi yaşayış evlərinin tikintisi və sahibkarlıq məqsədləri ilə torpaq sahələrinin ayırılması, maddi yardımların göstərilməsi, dəfn mərasimləri xərclərinin ödənilməsi, qəbiristanlıqda məzar yerlərinin ayırılması, işlə təmin etmək, məhəllələrin abadlaşdırılması, idman meydançalarının və mərasim zallarının tikintisi, məhəllədaxili və ya kənd yollarının təmiri, istehsal və xidmət sahələrinin yaradılması, su təchizatı və s. məsələlərlə  bağlı müraciət edirlər.

Bu məsələlərin həlli bələdiyyə büdcəsinə yığılan vəsait hesabına mümkün olur.  Bunun üçün vətəndaş  öhdəsinə düşən ödənişləri və vergiləri vaxtında bələdiyyə büdcəsinə ödəməlidir ki, bu məsələlər də həllini tapsın. Əks halda bələdiyyə ən xırda problemi belə  həll edə bilməyəcək. 

Həmçinin vətəndaşlar bələdiyyə ərazisində hər hansı bir layihənin reallaşdırılmasını təklif edərkən, ayrı-ayrı vətəndaşların könüllü olaraq ianə formasında ayırdıqları maliyyə vəsaitindən və bələdiyyə büdcəsindən istifadə oluna bilər.

 

  1. Bələdiyyələr öz fəaliyyətini hansı qaydada həyata keçirirlər?

Cavab: Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair kollegial qaydada, bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

 

  1. Bələdiyyələrin iclaslarında hansı məsələlər həll edilir?

 

Cavab: Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:

  • bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
  • bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
  • bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
  • yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
  • yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
  • bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
  • yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
  • yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
  • yerli ekoloji proqramların qəbul və icra edilməsi.

 

 

  1. Bələdiyyəyə ödənilən  yerli (bələdiyyə) vergilərlə mənzil, istismar və kommunal xidmət haqlarının fərqi nədir? Sakinlər hansı ödənişi hara ödəməlidirlər? (sakinləri ən çox narahat edən suallar)

Cavab: Yerli (bələdiyyə) vergilər - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə, bələdiyyə ərazisində yerləşən və fiziki şəxslərə məxsus olan binalara, yaşayış və qeyri-yaşayış sahələrinə, su və hava nəqliyyatı vasitələrinə görə (əmlak vergisi), habelə torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən fiziki şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə (torpaq vergisi), eləcə də bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergiləri  yerli (bələdiyyə) büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənilən vəsaitdir.

Mənzil və istismar haqqı – Mənzil kirayəçiləri dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadəyə görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri isə yaşayış binalarının (evlərin) və onların daxilində yerləşən qeyri-yaşayış sahələrinin saxlanılmasına görə (istismar yığımı) haqları bağlanmış müqavilələr əsasında mənzil fonduna xidmət göstərən müəssisənin və ya şirkətin (MİS, MTK, idarəedici şirkət və s.) hesabına ödəyirlər.

 

 Kommunal xidmət haqları – Fərdi yaşayış evlərinin, çoxmənzilli binaların soyuq və isti su təminatına, kanalizasiya, elektrik təminatına, qaz təminatına, istilik təchizatına, sakinlərdən məişət tullantılarının yığılması və daşınmasına görə haqlar, qanunvericiliklə müəyyənləşdirilmiş tariflərə uyğun olaraq müvafiq fəaliyyət növünü həyata keçirən müəssisələrlə (“Azərsu” ASC, Azərişıq ASC, "Azəristiliktəchizat" ASC, MKTB, MİS və s.) bağlanmış xidmət müqaviləsi əsasında həmin müəssisələrin hesabına ödənilir.

 

 Göründüyü kimi, yerli (bələdiyyə) vergilərlə kommunal xidmət, mənzil və istismar haqları arasındakı əsas fərq, bələdiyyə vergilərinin məcburi qaydada, kommunal xidmət, mənzil və istismar haqlarının isə xidmət müqaviləsi əsasında ödənilməsidir. Yəni, müqavilə əsasında müvafiq kommunal xidmət göstərilmirsə, ödəniş də olunmur. Bələdiyyə vergilərinin ödənilməsində isə heç bir müqavilə şərti və ya sövdələşmə qanunvericilikdə nəzərdə tutulmamışdır və vergilərin ödənilməsi məcburi xarakter daşıyır. 

Eyni zamanda mövcud qanunvericilikdə qeyd olunur ki, əsasən yerli vergi və ödənişlərdən formalaşan bələdiyyə büdcəsinin əhəmiyyətli hissəsi bələdiyyə ərazisində mövcud olan yerli problemlərin həllinə, yerli əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilməlidir.

 

 

  1. Bələdiyyə vergiləri necə ödənilir?

 

Bələdiyyə vergiləri banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. 

Eyni zamanda qeyd edək ki, vətəndaşların bələdiyyə xidmətlərinə əlçatanlığının və öhdəlikləri barədə operativ məlumatlandırmanın təmin edilməsi, həmçinin bələdiyyə-vətəndaş münasibətlərində şəffaflığın artırılması məqsədilə “Elektron bələdiyyə” portalı üzərində işlər davam etdirilir. “Digital Login” vasitəsilə portala daxil olmaqla vətəndaşlar müvafiq bələdiyyədə uçotda olan vergi və ödəniş obyektləri, ödəniş tarixçələri, bələdiyyə sorğuları barədə məlumatlar əldə edə biləcək, habelə müxtəlif məsələlərə dair bələdiyyələrə müraciət göndərə biləcəklər. Qeyd edək ki, portalın tam istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur.

 

  1. Yerli vergilər necə hesablanır?

 

Əmlak üzrə:

  • Yaşayış sahəsi olduqda

 

Bölgələr üzrə:  (əmlakın sahəsindən 30 kv.m çıxılaraq) x vergi dərəcəsi (VM maddə 198) 

Bakı şəhəri üzrə: (əmlakın sahəsindən 30 kv.m çıxılaraq) x vergi dərəcəsi x zona əmsalı

  • Qeyri-yaşayış sahəsi olduqda

Bölgələr üzrə:  əmlakın sahəsi vurulur vergi dərəcəsinə

Bakı şəhəri üzrə: əmlakın sahəsi vurulur vergi dərəcəsinə, vurulur zona əmsalına

 

Torpaq üzrə: 

1 ha qədər olanda: 

torpağın sahəsi vurulur vergi dərəcəsi/100 (VM maddə 206.3) 

1 ha-dan çox olanda: 

(1 ha qədər olan torpağın sahəsi vurulur 1 ha düşən vergi dərəcəsi) + (1 ha-dan çox olan sahəsi vurulur 1 ha-dan çox olan sahəyə düşən vergi dərəcəsi) (VM maddə 206.3)

 

  1. Əmlak və torpaq vergiləri üzrə nəzərdə tutulan güzəşt məbləği nə qədərdir və kimlərə şamil olunur? 

Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddəsində göstərilən şəxslərə şamil edilir. Yaşa görə pensiyaya çıxanlara və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə əmlak vergisində güzəşt nəzərə alınır, lakin torpaq vergisində nəzərə alınmır. Güzəşt məbləği: əmlak vergisi üzrə 30 manat, torpaq vergisi üzrə isə 10 manatdır.

 

Qeyd: ABMA-nın  təqdimatı əsasında bu istiqamətdə olan sualların cavabları ASAN tv-də videoçarx formatında yayımlanmışdır. Daha ətraflı aşağıda qeyd olunan linklərdə baxa bilərsisniz.

(https://www.youtube.com/watch?v=lqEohmUnK2Ehttps://www.youtube.com/watch?v=mYjO5QTDcKE)

 

                                                            Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər