ABMA-nın iştirakı ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində görüş keçirilib

ABMA-nın iştirakı ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində görüş keçirilib


Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər davam etdirilir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi”nin məsul vəzifəli şəxsləri,  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirakı ilə seminar-müşavirələr keçirilib. Çıxış edən Mərkəzin rəisi Rəhman Məmmədov ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəyliyi ili” çərçivəsində Mərkəz və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyə üzv və qulluqçularının iştirakı ilə geniş ağacəkmə aksiyalarının və digər ekoloji tədbirlərin təşkil olunmasının əhəmiyyətinə toxunub. Həmçinin cari ildə bələdiyyələrin yaradılmasının 25 ilinin tamam olması ilə bağlı nazirlik tərəfindən tədbirlər müəyyən edilərək onların həyata keçirilməsi ilə bağlı Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarına və bələdiyyələrə tövsiyələr verilib. Sonra ölkədə yerli (bələdiyyə) büdcələrinin icrası vəziyyəti ilə bağlı qeyd olunub ki, 2023-cü ildə ölkə üzrə bələdiyyələrin ümumi büdcə gəlirləri 54,5 milyon manat olmuşdur, bu da əvvəlki illə müqayisədə 7,1 milyon manat (15%) çoxdur. Həmçinin dəqiq və tam vergi uçotunun qurulmasının başa çatdırılması, debitor borcların həlli, vergi ödəyiciləri ilə vergilərin ödənilməsinin zəruriliyi barədə izah işi aparılması, borclu şəxslərlə bağlı pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi tədbirlərinin gücləndirilməsinin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Faydalı Linklər