YERLİ BƏLƏDİYYƏLƏRİN BEYNƏLXALQ MÜSTƏVİDƏ TƏMSİL OLUNMASI

Əmrah İMANOV

ABMA-nın Yerli inkişaf layihələri ilə iş və beynəlxalq əlaqələr şöbəsinin müdiri

 

BƏLƏDİYYƏLƏRİN VƏ MİLLİ ASSOSİASİYALARININ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ..

         Qloballaşmanın təzahür etdiyi bir zamanda bələdiyyələr beynəlxalq müstəvidə bir-biriləri ilə müxtəlif səviyyədə əməkdaşlıq edirlər. Bu əməkdaşlıqlara təcrübə mübadiləsi, layihələrin birgə icrası və birliklərin yaradılması daxildir. Bələdiyyələrdə beynəlxalq əlaqələrin qurulması bələdiyyə işinin və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsində böyük pay sahibidir. Bu səbəblə beynəlxalq təcrübədə yerli özünüidarəetmə orqanları yoxsulluğun, işsizliyin, ekoloji böhranın, ümumilikdə artan qlobal problemlərin həll edilməsində birgə fəaliyyət göstərir. Azərbaycan Respublikasının bələdiyyələri də öz növbəsində dövlət dəstəyi vasitəsilə beynəlxalq təcrübə mübadiləsində aktiv rol oynayaraq bələdiyyə işinin inkişafına çalışır. Azərbaycanda bələdiyyələrin beynəlxalq əməkdaşlığı “Bələdiyyələrin statusu haqqında” qanun ilə tənzimlənir. Qanunun 10-1-ci maddəsinə əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər. Yarandığı ildən bəri ölkəmizdə bələdiyyələr fəal şəkildə digər ölkələrin yerli özünüidarəetmə orqanları və assosiasiyaları ilə əməkdaşlıq edir. Ölkəmizdə 30-a yaxın bələdiyyə Avropa ölkələrinin bələdiyyələri ilə qardaşlaşma haqqında müvafiq protokollar imzalayıb. İmzalanmış protokollar çərçivəsində təcrübə mübadiləsi və qarşılıqlı səfərlər təşkil edilib. Digər tərəfdən Azərbaycan bələdiyyə işinin hüquqi tənzimlənməsi üçün bəzi beynəlxalq sənədlər imzalayıb. Bunlardan ən önəmlisi 21 dekabr 2001-ci ildə imzalanmış və 15 aprel 2002-ci ildə ratifikasiya edilmiş "Yerli özünüidarə haqqında" Avropa Xartiyasıdır. Bu xartiya 1985-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən qəbul edilmiş və yerli hökumətlərin fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən ən vacib sənəddir. Artıq 20 ildən uzun bir zamanda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edir.  Azərbaycan nümayəndə heyəti 6 daimi üzvdən ibarət olaraq müxtəlif palata və komitələrdə, siyasi qruplarda təmsil olunur. 

Azərbaycanda yerli özünüidarəetmə orqanları Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin yerli və regional hakimiyyət orqanlarının siyasi forumu olan CORLEAP-da təmsil olunur. CORLEAP 2011-ci ildə Avropa Regionlar Komitəsi tərəfindən yaradılmış və Şərq Tərəfdaşlığının inkişafına dair şəhər və regionların töhfələrini verə biləcək yeganə Avropa İttifaqı platformasıdır. Əlavə olaraq, ölkəmizin bələdiyyələri Türk Dünyası Bələdiyyələr Birliyində (TDBB) təmsil olunur. Birlik türk dilli ölkələrin dövlət başçılarının 2000-ci ildəki Azərbaycan sammitində ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarların 10-cu maddəsinə (Yerli idarəetmə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi) əsasən Türkiyə Nazirlər Kabinetinin 12 noyabr 2003-cü il tarixli qərarı ilə yaradılmışdır. Birliyin ən əsas məqsədlərindən biri türk dili və ləhcələrinin danışıldığı ölkələrdə şəhər idarəçiliyi ilə bağlı araşdırmalar aparmaqdır. Bələdiyyələrin Milli Assosiasiyaları yerli özünüidarə sahəsində beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək və bu sahədə qabaqcıl təcrübəni öyrənib təbliğ etməklə ölkə bələdiyyələrinin inkişafı istiqamətində fəaliyyətini getdikcə gücləndirir. 

Faydalı Linklər