YERLİ (bələdiyyə) VERGİ VƏ ÖDƏNİŞLƏRİNİN “HÖKUMƏT ÖDƏNİŞ PORTALI” ÜZƏRİNDƏN APARILMASI PROSESLƏRİ TƏKMİLLƏŞDİRİLİR
Bələdiyyələrin tamamilə nağdsız ödəniş sisteminə inteqrasiyasını təmin edən “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanları genişləndirilir. HÖP şəffaflıq və hesabatlılıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Yəni bələdiyyə vergisini ödəyən vətəndaş və sahibkar onun köçürdüyü vəsaitin təyinatı və tam məbləği barədə bütün məlumatlara sahib olur. Beləliklə, tamamilə nağdsız ödəniş sisteminə keçid bələdiyyə orqanları ilə vətəndaşlar arasında yerli vergi və ödənişlər üzrə ünsiyyəti minimallaşdırır şəffaflığı daha da artırır. Yerli (bələdiyyə) vergi və ödənişlərin tamamilə HÖP sisteminə inteqrasiyası ölkənin bütün regionlarında ödənişlərin qəbulunun təmin edilməsinə imkan verməklə yanaşı, nağdsız ödənişlərin həcminin artmasına təkan verəcəkdir.
Yerli özünüidarəetmə orqanlarının portala qoşulması üçün "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün “Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş yerli vergilərin və ödənişlərin elektron terminallar və informasiya sistemi vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar müvafiq işlər görülüb. Eyni zamanda, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planın”da nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsi məqsədilə hazırda “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”ndə təkmilləşdirmə işləri də aparılır. Məqsəd bütün ödənişlərin yalnız Mərkəzi Bankın Hökumət Ödəniş Portalı üzərindən aparılmasının təşviqidir.
Bununla bağlı atılan addımların ilkin təhlili müsbət tendensiyanın yarandığını göstərir. HÖP vasitəsilə 2022─2023-cü illərin I rübü üzrə yerli vergi və ödənişlərin dinamikasını təqdim edirik.