Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edildi

Mərkəzi Seçki Komissiyasının 2024-cü ilin noyabrın 27-də keçirilmiş iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri komissiya üzvlərinin yekdil qərarı ilə 2025-ci il yanvarın 29-na təyin edilmişdir. Qərarda seçkilərin 685 bələdiyyəyə keçiriləcəyi və 118 seçki dairəsini əhatə edəcəyi də öz əksini tapıb.
Qərardan göründüyü kimi növbəti seçkilər hal-hazırda ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə deyil, 685 bələdiyyəyə keçiriləcəkdir. Buna səbəb ölkədə bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması ilə bağlı müvafiq qanunların qəbul edilməsidir. Belə ki, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunları qəbul edilərək təsdiq edilmişdir.
Qeyd olunan qanunlara əsasən birləşdirmə prosesi ölkənin 1606 bələdiyyəsindən 1400 (87,2%) bələdiyyəni əhatə etmiş və nəticədə bələdiyyələrin sayı 921 (57,3%) vahid azaldılaraq 685-ə endirilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 211.4-cü maddəsinin tələblərinə uyğun olaraq ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, yeni yaradılmış, birləşmiş bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. 
Beləliklə, növbəti seçkilər birləşmə yolu ilə yaradılmış yeni bələdiyyələr də nəzərə alınmaqla, ümumilikdə ölkə üzrə 685 bələdiyyəni əhatə edəcəkdir.

Faydalı Linklər