Gəncə, Şəki və Xırdalan şəhərləri üçün "Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planları" müvafiq bələdiyyələr tərəfindən aidiyyəti qurumlara təqdim edilmişdir


        Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Azərbaycanda Merlərin Razılaşması - Şərq və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri regional layihələrin həyata keçirilməsinə dəstək" Texniki Yardım layihəsi çərçivəsində 21, 22 və 23 may tarixlərində müvafiq olaraq Gəncə, Şəki və Xırdalan şəhərlərində aidiyyəti qurumlarla görüş və təlim-seminarlar keçirilmişdir.  
          Seminarlarda Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ramilə Aslanova, "Azərbaycanda Merlərin Razılaşması - Şərq və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri regional layihələrin həyata keçirilməsinə dəstək" Texniki Yardım layihəsinin işçi qrupunun rəhbəri Vitold Sartorius, baş ekspert Bilyana Çobanova, Azərbaycan üzrə ölkə eksperti Cahangir Əfəndiyev, Xırdalan bələdiyyəsinin sədri, qrup rəhbəri Orxan Musayev, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva, Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanmasına görə təyin olunmuş işçi qrupun rəhbəri və digər maraqlı tərəflərin nümayəndələri iştirak və çıxış etmişdir.
          Burada indiyədək görülmüş işlər, sorğu və prioritetləşdirmə üzrə maraqlı tərəflərlə görüşlərin nəticələri, "Baza Emissiya İnventarı"nın hazırlanmasında istifadə və təklif edilən əsas yanaşmalar, təsirin azaldılması və uyğunlaşma məsələləri üzrə tədbirlər barədə məlumat verilib. Tədbirdə SECAP-ın hazırlanmasında dəstək olan qurumlara təşəkkürnamələr təqdim olunmuşdur.
        Seminarların sonunda qiymətləndirmə aparılıb, müzakirələr zamanı “yaşıl enerji”yə keçidin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkan yaratdığı vurğulanıb.

Faydalı Linklər