Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarında (ABMA) Türkiyə Respublikasının Ərzurum şəhərində keçirilmiş beynəlxalq konqresdə iştirak etmiş ABMA əməkdaşlarının hesabatına dair təqdimat tədbiri keçirilmişdir
Tədbirdə ABMA-nın əməkdaşı - icraçı katib Əli Əkbərli 02–04 sentyabr 2025-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində keçirilmiş 6-cı Beynəlxalq Kənd Təsərrüfatı Yerli İdarəetmə Konqresi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə təqdimat formatında məlumat verdi. Bildirildi ki, 27 ölkəni təmsil edən nümayəndələrin qatıldığı Beynəlxalq Konqresdə ABMA-nın əməkdaşları Əli Əkbərli, Lalə Məmmədova və Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli iştirak ediblər. Tədbir Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahimin rəhbərliyi və Ərzurum Böyükşəhər bələdiyyəsinin təşkilatçılığı ilə baş tutdu. Konqresin keçirilməsində əsas məqsəd kənd təsərrüfatının inkişafında şəhərlərin potensialının artırılması, bu sahədə yerli özünüidarəetmə orqanlarının rolunun gücləndirilməsi, halal qida, su idarəçiliyi, iqlim dəyişmələri və rəqəmsallaşma istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsi idi.
Məlumat verildi ki, Konqres çərçivəsində “Yerli idarəetmələrdə kənd təsərrüfatı”, “Halal qida”, “Gənclik və iqlim böhranı”, “Su idarəçiliyi və quraqlıqla mübarizə”, “Kəndin inkişaf modeli”, “Kənd təsərrüfatında rəqəmsallaşma və şəhər təsərrüfatı”, eləcə də “İqlim dəyişmələri və kənd təsərrüfatı” kimi mövzular üzrə panel müzakirələr aparıldı. ABMA təmsilçiləri müzakirələrdə fəal iştirak etmiş, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və bələdiyyələr barədə Konqres iştirakçılarına geniş məlumat verilmiş, kənd təsərrüfatı məhsullarının təminatı ilə bağlı bələdiyyələrin rolu üzrə qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, bu sahədə Türkiyə bələdiyyələri ilə qarşılıqlı əməkdaşlıq barədə və analoji tədbirlərin daha da genişləndirilməsi istiqamətində razılaşmalar əldə edilmişdir.
Vurğulandı ki, Ərzurumda keçirilən Beynəlxalq Konqres kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi, iqlim dəyişmələri və rəqəmsal transformasiya kimi qlobal mövzularda şəhərlərin və yerli idarəetmə orqanlarının əməkdaşlığı üçün mühüm platforma rolunu oynadı.
Təqdimat tədbirinin sonunda Konqresdə əldə olunan müsbət təcrübə ilə bağlı ölkə bələdiyyələrinin məlumatlandırılması məqsədəmüvafiq hesab edildi.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları