Azərbaycan nümayəndə heyəti yeni tərkibdə Konqresin yaz sessiyasında iştirak edir
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının inzibati binasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə üzv olan Azərbaycan nümayəndə heyətinin yeni tərkibi ilə görüş keçirilib.
Görüşdə Konqresin 50-ci sessiyasına hazırlıqla bağlı Assosiasiyaların rəhbərliyi nümayəndə heyətinin üzvləri ilə qarşılıqlı disskusiya və geniş müzakirələr aparıb.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının üzv dövlətlərindəki yerli və regional demokratiyanın vəziyyətinin qiymətləndirilməsinə məsul olan yeganə Avropa təsisatıdır. Onun əsas rolu yerli və regional demokratiyadakı irəliləyişləri gücləndirmək və onları monitorinq etməkdən ibarətdir.
Konqres ildə iki dəfə (yaz, payız) Fransanın Strasburq şəhərində plenar iclaslarını keçirir. İki ildən bir Konqres öz nümayəndələri və ya tam üzvlər arasından Prezident təyin edir.
Konqres Avropa Şurasına üzv olan dövlətlərin yerli və regional hakimiyyət orqanlarının nümayəndələrindən ibarət milli nümayəndə heyətlərindən formalaşır. Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildən Avropa Şurasının üzvüdür. Azərbaycan nümayəndə heyəti 5 il müddətinə seçilən 6 daimi üzvdən – Azərbaycan bələdiyyələrini təmsil edən 3 daimi üzvdən (Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının və Şəmkir rayonunun Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov, Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov, Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova), Naxçıvan Muxtar Respublikasının Ali Məclisini təmsil edən 3 daimi üzvdən (Ali Məclisin deputatları – Arzu Abdullayev, Bəxtiyar Məmmədov və Xumar Məmmədova), 6 əvəzedici üzvdən və 1 katibdən ibarətdir.
Hal-hazırda nümayəndə heyətinin əsas üzvləri və əvəzedici üzv kimi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonunun Rəsulzadə bəldiyyəsinin sədri Hümbət Hüseynov Fransanın Strasburq şəhərində Konqresin 50-ci sessiyası çərçivəsində keçirilən tədbirlərdə iştirak edirlər.
Azərbaycan milli nümayəndə heyətinin katibliyinin funksiyaları Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən həyata keçirilir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları