Azərbaycan nümayəndələri Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin iclasında iştirak ediblər
2 oktyabr 2025-ci il tarixdə Türkiyənin Konya şəhərində keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin iclasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov iştirak ediblər.
İclası giriş sözü ilə TDBB-nin və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay açıb. O, iclas iştirakçılarını salamlayaraq təşkilata yeni qoşulan üzv bələdiyyələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. TDBB-nin Baş Katibi Fahri Solak təşkilatın son dövr ərzində fəaliyyəti barədə təqdimatla çıxış edib. Daha sonra “TDBB-in fəlakət və fövqəladə hallar üzrə əməkdaşlıq şəbəkəsi” adlı yeni layihəsi müzakirə olunub. Türkiyədə son zamanlar baş verən təbii fəlakətlərin miqyası baxımından layihənin önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin Türk dövlətləri bələdiyyələri ilə təcrübə mübadiləsinə önəm verdiyini və iki qardaş ölkə arasında dövlət səviyyəsində aparılan uğurlu əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İclasda həmçinin 30 iyul-02 oktyabr 2025-ci il tarixlərini əhatə edən dövrdə TDBB tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr, sosial və humanitar təşəbbüslər, eləcə də təşkilatın gələcək fəaliyyət planları barədə məlumat verilib.
Tədbirdən sonra TDBB İdarə Heyətinin üzvləri Konya bələdiyyəsinin şəhərdə həyata keçirdiyi işlərlə yerində tanış olublar.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları