Azərbaycan nümayəndələri Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) ‘Yerli İdarəetmə və Sərhədyanı Əməkdaşlıq’ adlı toplantısında iştirak ediblər
4 dekabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) ‘Yerli İdarəetmə və Sərhədyanı Əməkdaşlıq’ adlı toplantısında Azərbaycan nümayəndələri də iştirak ediblər. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov tədbirdə ölkəmizi təmsil ediblər. Toplantı Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilmiş və TDBB-nin İstanbul şəhərində olan mənzil-qərargahında baş tutmuşdur.
Tədbirin açılışını TDBB-nin baş katibi Fahri Solak etmişdir. Baş katib çıxışında Türk dövlətlərinin yerli özünüidarəetmələri arasında olan əməkdaşlıqlara toxunmuş və bu kimi əlaqələrin TURKPA ilə əməkdaşlıq çərçivəsində daha da artırılması vacibliyini qeyd etmişdir. Toplantı zamanı AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasəndə Türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqları dilə gətirmişdir. İlkin olaraq sədr Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin önəmini dilə gətirmiş və cənab Prezidentin apardığı siyasəti dəstəkləmək məqsədilə Türk dövlətləri arasında aparılan əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də aparıldığını vurğulamışdır. Təmraz Tağıyev çıxışında keçdiyimiz dövr ərzində AŞBMA-nın dəstəyi ilə Azərbaycan bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri arasında aparılmış onlayn görüşlərin və aparılan təcrübə mübadilələrin önəmini vurğulamışdır. Sədr həmçinin ötən ilin sentyabr ayında Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq haqqında protokol imzalanmasını və bu kimi protokolların digər Türk dövlətlərinin yerli özünüidarəetmə orqanları ilə imzalanması vacibliyini də qeyd etmişdir.
Toplantıda Özbəkistan Respublikası Ali Məclisinin üzvləri və Qırğızıstan, Türkiyə, Şimali Kipr və Azərbaycan parlamentlərindən olan digər rəsmi nümayəndələr, habelə TURKPA katibliyinin rəsmiləri iştirak ediblər.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları